Birinci Qarabağ müharibəsində vətənin igid oğulları torpaqlarımızın bütövlüyü uğrunda canından keçib qəhrəmanlıq dastanı yazdılar. Həmin dastanı vərəqlədikcə onların fədakarlığı və mərdliyi ilə qürur duymamaq mümkün deyil. Cəsarət və igidlik göstərib, düşmənə ağır zərbələr vuran oğullardan biri də Nofəl Zahid oğlu Quliyev idi. Onun ömür yolu hər bir gəncimizə nümunədir.
1963-cü il oktyabr ayının 4-də Şirvan şəhərində anadan olan Nofəl orta təhsilini 9 saylı məktəbdə alır. O, məktəbi bitirdikdən bir il sonra ordu sıralarına çağırılmış və əsgəri xidmətini qüsursuz yerinə yetirmişdir. Nofəl Quliyev 1984-cü ildə Bakı Məişət Kondisionerləri Zavodunda qısa müddət çalışdıqdan sonra ailəsi ilə birlikdə Tümen şəhərinə köçüb, burada çalışıb və tikinti texnikumuna daxil olaraq təhsilini davam etdirir. Tümen şəhərində altı il yaşayan Nofəl sonra doğma yurda geri qayıdıb, iş üçün Daxili İşlər Nazirliyinə müraciət edir. O, polis olaraq işə qəbul edilir. Həmin dövrdə ermənilər Qarabağ torpaqlarına hücumlar edib, yerli əhalini sıxışdırıb çıxarmağa çalışırdı. Düşmənin torpaqlarımıza göz dikməsi qeyrətli oğullarımızı narahat edirdi. Bunun üçün ölkəmizin müxtəlif bölgələrindən könüllü dəstələr yığılaraq düşmənə qarşı mübarizə aparmağa gedirdilər. Nofəl də polis nəfəri kimi fəaliyyət göstərib, müxtəlif bölgələrə ezamiyyətə göndərilirdi.
1991-ci il 12 dekabr… Goranboyun Todan kəndi istiqamətində hücuma keçən erməni quldurlarının qarşısını almaq olduqca çətin idi. Sayca çox olan düşmənlə mübarizə aparan hərbçilərimizə Nofəl Quliyev və bir qrup polis əməkdaşı köməyə göndərilir. Onlara düşmən mühasirəsində olan kənd camaatını xilas etmək tapşırılır. Döyüş qeyri-bərabər olduğu üçün çoxluq təşkil edən düşmən irəliləməkdə davam edirdi. Nofəl döyüş mövqeyini dəyişib təpəlik yerdə dayanaraq qarşı tərəfə atəş açmağa başlayır. Polis yoldaşları ilə birgə camaatın təhlükəsizliyini təmin etməyə çalışan Nofəl düşmən üzərinə irəliləyib onların çoxlu sayda canlı qüvvəsini və döyüş texnikasını məhv edir. Son nəfəsinə kimi vuruşan qəhrəmanımız son gülləsini özü üçün saxlayır. Döyüşdə ağır yaralanan Nofəl əsir düşməmək üçün saxladığı son gülləni də sinəsinə sıxaraq qəhrəmancasına həlak olur. Vətənin igid oğlu doğulduğu Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilir.
Torpaqlarımızın bütövlüyü uğrunda canını fəda edib, verilən tapşırıqları yerinə yetirərkən göstərdiyi igidliyə görə Nofəl Quliyev ölkə Prezidenti tərəfindən yüksək qiymətləndirilərək "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Qəhrəmanımızın adı əbədiləşdirilərək oxuduğu Şirvan şəhər 9 saylı orta məktəbə verilmişdir.
Qisasınız düşmənlərdən misli ilə alındı vətən oğlu, ruhun şad olsun! Bir zamanlar durmadan hücuma keçən düşmən, dörd il öncə Müzəffər ordumuz qarşısında duruş gətirə bilməyib, torpaqlarımızı qaçaraq tərk etdi. İndi Azad Qarabağımız, bütöv Azərbaycanımız var. Bütün bunları sizin kimi qəhrəman oğullara borcluyuq.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı