Yanvarın 30-da Milli Məclisin aqrar siyasət komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə 2018-ci ilin payız sessiyasının yekunlarından danışıb. Bildirilib ki, hesabat dövründə komitənin 11 iclası keçirilib, 27 məsələ müzakirə edilib, onlardan 15-i qanun layihəsidir. Sessiya ərzində komitənin ünvanına daxil olmuş 29 ərizə, şikayət və müraciətin 17-si araşdırılıb, lazımi tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib. Komitənin payız sessiyası dövründə fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Daha sonra komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planı müzakirə olunub və təsdiqlənib. İşlər planına Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, eləcə də "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi daxildir.