Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur. Biz belə insanları daim xatırlamalı, təbliğ etməli, gənc nəslə tanıtmalıyıq. Azərbaycan şərqşünaslığında xüsusi yeri olan belə alimlərdən biri də görkəmli alim, şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevadır.
Aida xanım 1939-cu il oktyabrın 10-da Bakıda İmanquliyevlər ailəsində dünyaya göz açıb. Atası Nəsir İmanquliyev görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, uzun müddət “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru çalışaraq, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olub. Anası isə Şamaxıda əsilzadə ailəsindən olan Gövhər xanım İmanquliyevadır. 1957-ci ildə Bakı şəhərindəki 132 saylı orta məktəbi qızıl medalla bitirən Aida xanım İmanquliyeva Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsinə daxil olub. Aida xanım İmanquliyeva bu universitetin aspirantı olmaqla yanaşı, SSRİ Elmlər Akademiyası Asiya Xalqları İnstitutunun aspirantura şöbəsində də təhsil alıb. Namizədlik dissertasiyasını 1966-cı ildə uğurla müdafiə edərək elə həmin ildən əmək fəaliyyətinə başlayıb. O, Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi kimi fəaliyyət göstərib. 1971-1973-cü və 1979-1981-ci illərdə institutun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olub. 1976-1988-ci illərdə ərəb filologiyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə elmi işlər üzrə direktor müavini, 1991-ci ildən isə həmin institutda direktor vəzifəsində çalışıb. Rəhbəri olduğu institutda fəaliyyət göstərən Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları ixtisası üzrə müdafiə şurasına sədrlik edib. Onun rəhbərlik etdiyi dövrdə 10 nəfər ərəbşünas namizədlik dissertasiyası müdafiə edib. Gərgin iş rejiminə baxmayaraq uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını 1989-cu ildə Tbilisi şəhərində uğurla müdafiə edib.
Aida xanım sadalanan bu işlərlə yanaşı pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində uzun müddət ərəb ədəbiyyatından mühazirələr oxuyub. Azərbaycan ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru adı alan Aida xanımın şərqşünas kadrların hazırlanmasında əməyi danılmazdır. Elə məhz bu xidmətlərinə görə də 1991-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə Aida xanıma professor ali dərəcəsi verilir. Beləliklə, Aida xanımın adı ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın kimi Azərbaycan şərqşünaslıq tarixinə yazılır.
“Mixail Nuaymə və “Qələmlər birliyi”, “Cubran Xəlil Cubran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” adlı üç fundamental monoqrafiyanın, 70-dən çox elmi məqalənin müəllifi olan professor Aida İmanquliyeva bir çox elmi əsərlərin də redaktorudur. Fəaliyyət dairəsi geniş və çoxşaxəli olan professor Mixail Nuaymənin, Mahmud əz-Zahirin, Məhəmməd Dibin, Sahib Camalın, Süheyl İdrisin, Macid Zeyyib Ğənəmanın hekayələrini Azərbaycan dilinə tərcümə edib. Professor şərqşünaslıq elmini nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da layiqincə təmsil edərək Şərq problemlərinə həsr olunan beynəlxalq konfransların, simpoziumların, konqreslərin iştirakçısı və məruzəçisi olub.
Mərhum şərqşünas alim, akademik Vasim Məmmədəliyev Aida xanım haqqında fikirlərini belə ifadə edirdi: “Aida xanım beynəlxalq aləmdə dünyanın görkəmli alimləri tərəfindən bütün şərqşünaslıq mərkəzlərində məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi qəbul edilir. Onun əsərlərindən tez-tez istifadə olunur, çıxış nöqtəsi kimi ona müraciət edilir və Aida xanımın fikirləri məhcər ədəbiyyatının ayrı-ayrı problemlərini öyrənmək üçün əsas mənbə rolunu oynayır. …Məhz Aida xanımın rəhbərliyi dövründə, onun təşkilatçılığı sayəsində Şərqşünaslıq İnstitutunun coğrafi hüdudları çox genişləndi, beynəlxalq əlaqələri gündən-günə artdı. Aida xanımın təşəbbüsü ilə Azərbaycanda simpoziumlar çağırılırdı. O həmçinin simpoziumların həm təşkilatçısı, həm də əsas məruzəçilərindən biri idi. Bu da Aida xanım İmanquliyevanın beynəlxalq elm aləmində nüfuzundan irəli gəlirdi”.
Şərq-Qərb ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alim professor Aida İmanquliyeva olub. Professor ərəb ədəbiyyatının, bütövlükdə, müasir Şərq ədəbiyyatının tədqiq olunmasına mühüm zəmin yaradan çoxsaylı elmi əsərlərində Şərq və Qərb mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapmasını tədqiq edib. Ziya Bünyadov, Rüstəm Əliyev, İosif Bradinski, Anna Dolinina, Valeriya Kripçenko kimi dünya şöhrətli şərqşünaslar alimin elmi yaradıcılığı ilə yaxından tanış olaraq onun Şərq-Qərb mədəni əlaqələrinin inkişafı sahəsindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Elmi ictimaiyyətin hörmətini qazanmış elm xadimi keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olub.
1992-ci il sentyabrın 19-da Bakı şəhərində dünyasını dəyişən professor, şərqşünas alim ürəklərdə özünə abidə qoyaraq, sağlığında ölməzlik qazanıb. Əminik ki, şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyeva hər birimizin yaddaşında əbədi yaşamaq haqqını qazanmış görkəmli elm xadimidir.
Naxçıvan Dövlət Universitetinin müəllimi
Gültac Muradova