AMEA Naxçıvan Bölməsində “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, Bölmənin Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafında mühüm xidmətləri olan şəxslərin yubileylərinin keçirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Akademik 2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan edilməsi və Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamlar imzaladığını xatırladıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib.
Sonra sözügedən hər iki sərəncamla əlaqədar Tədbirlər Planında nəzərdə tutulmuş işlərinin yerinə yetirilməsi ilə bağlı müvafiq tapşırıqlar diqqətə çatdırılıb. Akademik bölmənin elmi-tədqiqat müəssisələrinin əməkdaşlarına kütləvi informasiya vasitələrində mövzu ilə əlaqədar verilişlərin və məqalələrin hazırlanması, açıq dərslərin, dəyirmi masaların təşkil edilməsi barədə tapşırıq verib. Bundan əlavə, bu mövzularda elmi konfrans və tədbirlərin keçirilməsi qərarlaşdırılıb.
İclasda Rəyasət Heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl həmin müəssisənin elmi katibi təyin edilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.