Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının iclası olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyində keçirilən iclasda kənd təsərrüfatı naziri, elmi-texniki şuranın sədri Bəhruz Bayramov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planında verilən tapşırıqların icra vəziyyəti və qarşıya qoyulan vəzifələr barədə çıxış edib.
Qeyd olunub ki, hazırda muxtar respublikada heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. 2018-ci ildə muxtar respublikada 319 ixtisaslaşmış ailə təsərrüfatı yaradılıb, 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilib, “Ailə təsərrüfatı məhsulları” festivalında 418 növdə, 23 min 146 adda məhsulun satışı həyata keçirilib.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunub,- deyən Bəhruz Bayramov bildirib ki, Tədbirlər Planına əsasən muxtar respublikada ailə təsərrüfatları ilində ailə təsərrüfatlarının sahələr üzrə ixtisaslaşması və yeni ailə təsərrüfatlarının yaradılması dəstəklənəcək, ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyi göstəriləcək. Tədbirlər Planında qabaqcıl ailə təsərrüfatlarının təcrübələrinin yayılması da əsas vəzifə kimi müəyyənləşdirilib.
İclasda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə verilmiş tapşırıqların icra vəziyyəti və qarşıda duran vəzifələr ətraflı təhlil olunub. Qeyd edilib ki, bu sahədə Tədbirlər Planında nəzərdə tutulan tapşırıqların vaxtında icrası üçün lazımi tədbirlər görülür, ailə təsərrüfatı sahibkarları ilə görüşlər keçirilir və mütəxəssislər tərəfindən lazımi maarifləndirmə işləri aparılır.
Kənd təsərrüfatı naziri Tədbirlər Planında nəzərdə tutulan vəzifələrin vaxtında icrası üçün müvafiq tapşırıqlar verib.
Elmi-texniki şuranın iclasında kənd təsərrüfatı nazirinin müavini, akademik Həsən Əliyev adına “Araz” Elm İstehsalat Birliyinin baş direktoru Fikrət Həsənovun və Şıxmahmud sort sınaq məntəqəsinin müdiri Məhəmməd Qaybalıyevin çıxışları dinlənilib.
Sonra verilən suallara aydınlıq gətirilib və elektron lövhə otağında Naxçıvan Televiziyasının hazırladığı “Bağçılıq” videomaterialına baxış olub. Videomaterialda tərəvəz bitkilərinin becərilmə texnologiyası nümayiş etdirilib.
Əbülfəz Dünyamalıyev