Muxtar respublikanın ictimai-mədəni həyatında fərqlənən gənclər mükafatlandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, bu gün Naxçıvan şəhərindəki “Duzdağ” otelində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin təşkilatçılığı ilə 2 fevral – Gənclər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Azad Cabbarov çıxış edərək ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən danışıb.
Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirib ki, ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər silsilə xarakteri daşıyıb, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazası formalaşdırılıb.
Çıxış edənlər gəncləri təbrik edib, yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonra Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən istedadlı gənclər təşkilatçılar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.
Tədbir Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblının, “Naxçıvan” Universitetinin tələbələrinin, “Qala” qrupunun konsert proqramı ilə davam edib.