ABŞ-ın Ratger və Yel universitetlərindən olan alimlər həddən artıq spirtli içki qəbulunun uzunmüddətli genetik dəyişikliklər əmələ gətirəcəyini, nəticədə alkoqola böyük meyilliliyin yaranacağını izah ediblər.
NUHÇIXAN “hi-tech”ə istinadla xəbər verir ki, müvafiq tədqiqat “Alcoholism: Clinical & Experimental Research” jurnalında dərc edilib.
Tədqiqatçılar diqqəti insanların davranışını tənzimləyən iki gen - PER2 və POMC üzərində cəmləşdiriblər. Bunlardan birincisi orqanizmin bioloji saatını, ikincisi isə stressə reaksiya verən sistemi tənzimləyir. Həkimlər, həmçinin üç insan qrupunu müqayisə ediblər: birinci qrupda alkoqolu az miqdarda, ikinci qrupda alkoqolu əhəmiyyətli dərəcədə qəbul edənlər, üçüncü qrupdakılar isə içki düşkünləri olub.
Eksperiment nəticəsində məlum olub ki, son iki halda genlərin metilləşmə adlanan modifikasiyası baş verib. Sərxoşluq və alkoqol da genlərin ekspressiyası prosesinə (genetik məlumatın DNT-dən ribonukleinli turşular vasitəsilə polipepdid və zülallara ötürülməsi) təsirini göstərir. Bundan başqa, alimlər sınaqların gedişində belə bir nəticəyə gəliblər ki, genetik dəyişikliklər böyük alkoqol meyilliliyinə aparır.
“Biz daha çox alkoqol qəbul edən insanların DNT-lərində dəyişikliklərin baş verə biləcəyini aşkarladıq. Bunlar daha çox spirtli içki qəbul etmək istəyini əmələ gətirir. Bu tədqiqat bizə alkoqolun niyə belə ciddi asılılıq yaratmasını izah etməyə, həmçinin alkoqolizmin müalicəsinin yeni üsullarını işləyib hazırlamağa kömək edəcək”, - deyə tədqiqatın müəlliflərindən biri professor Dipak K.Sarkar bildirib.