Ölə-ölə yazmıram,
Yaza-yaza ölürəm.
Məmməd Araz
Yaza-yaza ölən şair,
Bu ölümün yüksəlişdir,
Əbədiyyət dünyamıza
Peyğəmbər tək bir gəlişdir.
Yaza-yaza ölən şair,
Bu dünyanın dərd-sərini
öz dərdi tək bölən şair,
Yaza-yaza sən ölməsən,
Şeirimiz də yetim qalar,
Araz adlı qəm karvanı yolun
azar.
Həsrət adlı qəm yükünü
kim daşıyar misralarda?
Kim qoruyar şeirimizi
bu dünyada dolaylarda.
Yaza-yaza ölən şair,
Sən olmasan,
Yaza-yaza
sən ölməsən,
Arazımız tənha qalar,
Dərd əlindən öz üçündə
o boğular.
Axı, Araz bu millətin
həsrət adlı göz yaşıdır.
Savalansa, bu millətin
Gülüstanda, Türkmənçayda
Dəfn olunmuş ümidinin
baş daşıdır.
Yaza-yaza ölən şair,
Sən olmasan kim oyadar,
yatmışları, batmışları,
qeyrətinin satmışları.
Xırdalığa xırdalanmış
insanları,
Kim dirildər ruhu ölü, adı diri o canları?..
Şair, dədəm, sən olmasan,
Yaza-yaza sən ölməsən,
Bəs, kim silər
oğlu şəhid anaların göz yaşını,
Bəs, kim öpər,
Xətainin qeyrət adlı baş daşını.
Yaza-yaza ölən şair,
Bu ölümün yüksəlişdir,
Əbədiyyət dünyamıza
Peyğəmbər tək bir gəlişdir.
Faiq Səfərli