Uğur olsun, NUHÇIXAN!!!

A- A A+

Son iyirmi il bütün sahələrdə olduğu kimi Naxçıvan Muxtar Respublikasında kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziya və radionun  inkişafında bir sıra uğurlarla yadda qalıb.  2016-cı ildə Naxçıvan Dövlət Televiziyasının naxcivantv.az saytının istifadəyə verilməsi  və Naxçıvan Dövlət Radiosunun internet üzərindən yayıma başlaması muxtar respublikada elektron medianın inkişafına böyük töhfədir.  Naxcivantv.az saytı qısa zamanda öz ətrafına minlərlə izləyici toplayaraq nəinki muxtar respublikada, hətta Azərbaycanda tanınmış saytlardan birinə çevrilib.  Sayt mütəmadi olaraq yenilənir, izləyici və tamaşaçıların tələbləri nəzərə alınır,  muxtar respublikanın qədim tarixi, zəngin mədəniyyəti, müasir inkişafı və turizm potensialı  televiziya tərəfindən internet üzərindən bütün dünyaya yayılır,  izləyicilərə dəqiq və operativ məlumatlar çatdırılır. Bu iş prinsipi artıq bu gün “Nuhçıxan” İnformasiya Agentliyində də qurulub.

Bu gün insanların daha çox müraciət etdiyi informasiya mənbələrinin  informasiya saytları olduğunu  nəzərə alsaq sözsüz ki, belə informasiya agentliyinin yaradılması  mühüm əhəmiyyət kəsb edir. Əminik ki, bu sayt müstəqil ölkəmizin əsas informasiya portallarından birinə çevriləcək.  Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Eynəli bəy Sultanovun ənənələrini davam etdirəcək. Hətta bu ənənələri daha da zənginləşdirməyə çalışacaq. Nuhçıxan informasiya təminatında  yeni ab-hava gətirəcək, gur işığı ilə  söz adlı varidatın dəyərini daha da artıracaq.  Adı qədim, özü müasir olan bu sayt muxtar respublikanın bugünkü  inkişafını sürətlə təkcə Azərbaycanımıza deyil, bütün dünyaya çatdıracaq. Nuh yurdunun qazandığı uğurları, qələbələri ilə dünyanın müxtəlif ölkələrinə yayılmış həmvətənlərimiz də tanış olacaqlar.

Bu yenilik  əlamətdar gün kimi Naxçıvanın tarixinə yazılacaq.  Çünki Naxçıvanda  ilk dəfə olaraq rəsmi informasiya agentliyi fəaliyyətə başlayır.  Agentliyin  əməkdaşları həm də yaradılan şəraitdən səmərəli istifadə edərək  milli dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirləri, Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, film, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə çatdıracaq və təbliğ edəcəkdir. Təbii ki, bu prosesdə təkcə teleradionun əməkdaşları deyil, muxtar respublikanın ali təhsil müəssisələrinin, kütləvi-informasiya vasitələrinin, ziyalıların sıx və birgə əməkdaşlığı da rol oynayacaq.

Heç şübhə yoxdur ki, Nuhçıxan adına layiq fəaliyyət göstərəcək, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və tərəqqisinin əsas təbliğatçısına çevriləcək,  oxucularına məlumat çatdırmaqla yanaşı, həm də vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət ruhu aşılayan bir informasiya mənbəyi olacaqdır.  Nuhçıxana söz qədrini, onu yerində işlədən, jurnalistikanın tələblərinə cavab verən, operativliyi öz fəaliyyətində əsas götürən bir informasiya agentliyi olmasını arzulayırıq. İnanırıq ki,  Nuhçıxan muxtar respublikanın hər bir elinin, obasının güzgüsü vəzifəsini layiqincə yerinə yetirəcək.  Bu yolda uğur olsun, Nuhçıxan!

                                                                     Sara ƏZİMOVA

                                                                     Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: