Bu payız sanki bütün fəsilləri izləyib, göy üzünü, yer üzünü, bu dünyanın hər üzünü gəzib bizə qucaq dolusu xəbərlər gətirir. Bütün rəngləri özündə ehtiva edən payız bizə rənglərin bənzərsiz cazibəsini yaşadır. Günəşi bizdən alaraq bir-birinə dəyib guruldayan payız buludları bir göz qırpımında göy üzünə pərdə çəkib, canımıza soyuq vəlvələ salır. İsti yay günlərində buludların lay-lay, ağ-qara topasında yuxuya gedən yağış payızın gəlişi ilə ürəklənərək qılıncını siyirib göyü doğram-doğram edib, yeri-göyü öz işığına qərq edir.
Payız insan ömründə ən çox iz buraxan mövsüm, baharın bütün gözəlliklərini göz qırpımında alıb saraldan, xatirələrimizi yarpaq-yarpaq tökən bir fəsildir. Payız quşların köç fəsli, tənha adamların qəm pəncərəsindəki təbəssüm tablosu, sevənlərin xəzan dolu yollarıdır. Payızın gəlişi ilə meşələr, bağlar, çöllər quşların cəh-cəhindən aralı qalıb, köks ötürür. Görəsən, payızın gəlişi ilə uçub gedən təkcə quşlarmı olacaq? Əlbəttə, yox. Gedən quşları düşündükcə hiss edirik ki, gələn il yazda uçub isti diyarlara köç edən bu sevimli “civcivlər” yazda yenə civildəşə-civildəşə öz doğma yuvalarına bayram sovqatı ilə geri dönəcək.
İlk qədəmini yenicə atan bu payız ömrümüzün yenicə başa çatmış bir yayını da özü ilə götürüb apardı. O yay bir də eyni ab-hava ilə, şirin-şirin deyib-güldüyümüz, bir evdə qaldığımız sevdiklərimiz də geri dönməyəcək, o yaydan geriyə qalan isti, həlim və acılı-şirinli xatirələr olacaq. İllər keçdikcə o ilıq nəfəs, daşa dönmüş xatirələr qəlbimizi üşüdəcək.
Günlər düşmür təqvimdən. Bu payız gecikir. Sanki rişxəndlə qırcınaraq bir az daha...bir az daha intizarla gözləyin yolumu, sizə həm nisgilli, həm də müjdəli xəbərlər gətirmişəm. Ayağımızın altında yarpaqlar xışıldadıqca hiss edirik ki, haradasa bir ananın gözü yol çəkir, əli qabarlı atanın qışa tədarükü başlayır, teli xınalı gəlin Vətənə xidmət edən əsgər yolu gözləyir. O əsgər ki torpaq yalnız və yalnız ona əmanətdir. Əsgər torpağın çiçək olur döşündə, sancaq olur yaxasında, qol verir boynunu qucaqlamağa, göyünə baxmağa göz verir bəzən. Bəzən qayalara yapışıb qalır, bəzən mamırlara dönüb göyərir, bəzən isə ikinci həyat olur torpağına.
Bu payızda nəfəssiz qalıb yarpaqlarını daha tez tökür sanki. Bəlkə də, yaramıza sarğı olmaq üçün tökülür bu payız yarpaqlar. Təbiətin rənglərlə oynadığı bu fəsil bütün yaşılları bizdən alıb sarıya qərq edir. Bu rəng bizə həm tənhalığı, həm də sakitliyi öyrədir. Sükutun dili ilə danışan payız gah qapı-bacanı döyür, gah damla olub küçələrə səpilir, gah da keçmiş xatirələri canlandırıb içimizdəki duyğuların şəklini çəkir. Əslində, payız bizə çox şeyi öyrədir. Həyatın keçici olduğunu, hər anın dəyərini bilməyi və öz içimizə boylanmağı.
Hər payızda ağac yarpaq tökərkən o xışıltılı yollardan keçdikdə küləyin qulağımıza fısıldadığı səssiz musiqi bizi dərin düşüncələrə aparır. O düşüncələr ki orada saf və təmiz uşaqlıq var…Uzaq qalan uşaqlıq. Bütün yarım qalan sevgi hekayələri, əlvida deyilməyən dostluqlar bu fəsildə bizə həmdəm olur. Əslində, bu fəsil bizə sanki böyük bir dərs verir. Çiçəklənmək, solmaq və yenidən doğulmaq kimi. İtirə-itirə öyrənməyi, itkilərdən dərs çıxararaq yaşamağı və təbiətin ahənginə uyğunlaşmağı bizə öyrədən payız, əslində, həyatın özü kimidir. Nə qədər qəmli görünsədə, içində yenidən və yenidən cücərmə, ümid toxumları ilə həyatımıza rəng qatır!
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru