Araz çayının çirkləndirilməsinin qarşısının alınmasında beynəlxalq hüququn rolu artırılmalıdır

A- A A+

Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə ECOLEAD layihəsi çərçivəsində 16 avqust 2024-cü il tarixdə Naxçıvan şəhərində “Ekoloji hüquqpozmaların iqlim dəyişikliyinə təkan verməsi” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında belə bir tədbirin keçirilməsi təqdir olunası haldır. Çünki muxtar respublika qonşu Ermənistan tərəfindən bu gün də ekoloji təsirlərə məruz qalır. Bu ekoloji təhdidlərin əsasında isə Araz çayının Ermənistan tərəfindən çirkləndirilməsi xüsusilə diqqət çəkir. Təsadüfi deyil ki, artıq illərdir ki, Araz çayı Ermənistan ərazisində həm kimyəvi sənaye qalıqlarının tullantılarına məruz qalır, eyni zamanda “Metsamor” AES-n soyudulmasında da bu çayın suyundan istifadə edilərək çirklənmiş su sonra yenidən çaya axıdılır. Çayın bu cür çirkləndirilməsi Ermənistanın özü ilə bərabər, Araz çayının axdığı digər ölkələrin də ekologiyasını ciddi təhdid edir.  

Məlumdur ki, Araz çayı öz başlanğıcını qardaş Türkiyə Respublikasının Bingöl dağlarından götürür və Naxçıvan Muxtar Respublikasının İranla, Naxçıvandan sonra isə Ermənistanla sərhədinə çevrilir, sonra Azərbaycan Respublikasının ərazisinə daxil olana qədər İranın Azərbaycan Respublikası ilə sərhədi boyunca axır və nəhayət, Xəzər dənizinə tökülmək üçün Suqovuşanda Kür çayına qoşulur. Suyu zəhərlənmiş Araz çayı, eyni zamanda töküldüyü Xəzər dənizinə də mənfi təsir edir. Beləliklə, Xəzər sahilində yerləşən ölkələrə də öz mənfi təsirini göstərir.  Digər tərəfdən, Türkiyə, Azərbaycan Respublikası və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası, Ermənistan və İran respublikaları bu çaydan bəhrələnirlər və bu çayın ekoloji təmizliyinin mühafizəsində bu ölkələrin hər biri məsuliyyət daşıyır. Lakin təəssüflər olsun ki, bu ölkələr arasında Araz çayının mühafizəsi ilə bağlı əməkdaşlıq müqaviləsi hələ də yoxdur.

Hazırda Araz çayının suyundan 4 ölkə istifadə edir və dünyadakı su problemini nəzərə alsaq, Araz çayının çirklənməsi və bu sərhəd çayının istifadəyə yararsızlığı gələcəkdə daha kəskin vəziyyətə gətirib çıxara bilər. Bu gün mütəxəssislər də həyəcan təbili çalırlar ki, ermənilər Araz çayını ekoloji fəlakətin qurbanına çeviriblər. Çay Ermənistanın dağ-mədən sənayesi müəssisələrinin kollektoruna çevrilib. Araşdırmalar göstərir ki, hər il Ermənistan ərazisindən keçən 350 milyon kubmetr su kimyəvi, radioaktiv maddələrlə və ağır metallarla çirkləndirilir. Gümrüdən Sədərəyə qədər götürülmüş nümunələrə əsasən Araz çayındakı ekoloji göstəricilər dünyada təyin olunmuş normalardan dəfələrlə artıqdır. Bu çaya atılan ağır metalların, fenolların, ağır fosfor duzlarının və radioaktiv tullantıların miqdarı normalardan dəfələrlə çoxdur.

2022-ci ildə “Research Journal of Border Studies” jurnalı özünün dördüncü sayında bu məsələyə toxunaraq “İçməli suyun çirklənməsi nəticəsində sərhədyanı ərazilərdəki sakinlərinin əksəriyyətində xəstəliklərin sayı artmaqdadır” yazmışdır. Və yaxud “Xalq qəzeti”nin 17 iyul 2024-cü il tarixli sayında dərc olunmuş “Ermənistanın ekoloji terroru davam edir” adlı yazıda türkiyəli jurnalistlər həyəcan təbili çalaraq bildirirlər ki, İğdıra 16 km, Naxçıvan Muxtar Respublikasına isə 50 km məsafədə yerləşən “Metsamor” AES-in fəsadları sərhəd bölgələrinə yaxın ərazilərə öz mənfi təsirlərini göstərməkdə davam edir. Yazıda qeyd olunur ki, son illərdə İğdır vilayətində hamilə qadınlarda rast gəlinən bir çox xəstəliklər, eləcə də heyvanlar arasında geniş yayılmış anormal doğuş hallarının (iki və üçayaqlı doğulan heyvanlar) sayı xeyli artıb. Eyni zamanda tərəvəz və bostançılıq məhsullarında da müxtəlif xəstəliklərin geniş yayılması “Metsamor” AES tərəfindən havanın və su mənbələrinin çirklənməsinin nəticəsi kimi qəbul edilir. Atom Elektrik Stansiyasının soyutma sistemində Araz çayının suyundan istifadə olunaraq sonra yenidən həmin suyun Araza axıdılması təbii ki, öz mənfi təsirlərini göstərməkdədir. Bütün bunlar isə nəinki yaxın bölgələrdə məhsuldarlığı dəfələrlə aşağı salır, qeyd etdiyimiz kimi, əhali arasında onkoloji xəstəliklərin artmasına da səbəb olur.

Qeyd edək ki, Ermənistandakı “Metsamor” AES 1970-ci illərdə sovetlər birliyi tərəfindən İrəvanın 36 kilometrliyindəki Metsamor məntəqəsində tikilib və vaxtilə partlamış Çernobıl Elektrik Stansiyasının modelindədir. 7 dekabr 1988-ci ildə Ermənistanda 6,8 bal gücündə güclü zəlzələ baş verəndə “Metsamor” da zədələndi və o vaxtdan radioaktiv maddələr sızmağa başladı, lakin elektrik stansiyası cəmi 6 həftə təmirə bağlandı. Ermənistan “Metsamor” AES-in yeniləndiyini iddia etsə də, Avropa Birliyi bu elektrik stansiyasını çox təhlükəli adlandırıb və onu bağlamaq istəyir, xüsusən də bu elektrik stansiyası dünyanın ən böyük zəlzələ qırağı olan “Alpa” qırağı üzərində tikilib. Atom elektrik stansiyalarının sənaye müddəti 30 il hesab edilir, lakin “Metsamor” Atom Elektrik Stansiyası 50 ildən artıqdır ki, işləyir və etibarlı nəşrlərə görə, 2036-cı ilə qədər fəaliyyətini davam etdirməsi nəzərdə tutulur.

“Border Studies Research Paper” jurnalı (“Sərhəd Araşdırmaları”) yazır ki, Ermənistanın sərhədyanı Əkərək şəhərinin şimalında və şərqində, Araz çayının yatağından 5,2 kilometr aralıda 5 mis və molibden mədəni yerləşir. Bu mədənlərdən hər il milyonlarla kubmetr zəhərli tullantılar çaya axıdılır. Nəticədə, çay suyunda kimyəvi çirkləndiricilərin və ağır metalların konsentrasiyası artır. Köhnəlmiş və qeyri-standart “Metsamor” AES-in hissələrinin istismar müddətinin bitməsi səbəbindən radioaktiv materialların Araz çayına sızması regional və beynəlxalq ekspertlər və Avropa İttifaqı tərəfindən təsdiqlənib. Bütün beynəlxalq araşdırmalar göstərir ki, Araz çayında iki növ güclü çirklənmə var. Biri köhnəlmiş “Metsamor” AES-dən sızan radioaktiv materiallardan, digəri isə ağır metallardan qaynaqlanır. Onlar, əsasən, Ermənistanın mis, qızıl və alüminium mədənlərindən və Ermənistanın sərhəd sənaye şəhərinin, yəni Əkərək (Aqarak) şəhərinin sənaye müəssisələrindən Araz çayına axır.

Ermənistanın Araz çayının çirkləndirməsi məsələsi daim bölgə dövlətləri tərəfindən gündəliyə çıxarılır. Bu məsələ Azərbaycan tərəfindən dəfələrlə beynəlxalq təşkilatların diqqətinə çatdırılsa da, indiyədək buna qarşı heç bir tədbir görülməyib. Hətta bu ilin mart ayında bizim vətəndaş cəmiyyətinin üzvləri Brüsseldə keçirilən Nüvə Enerjisi Sammitinin həmsədrlərinə də bununla bağlı məktub yazaraq stansiyanın fəaliyyətinin dayandırılması üçün Ermənistan hökuməti qarşısında məsələ qaldırmağa çağırmışdı.

Bunu da əlavə edək ki, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Monitorinq Departamentinin məlumatına əsasən Mehri, Qacaran, Qafan və Dəstəkert dağ-mədən kombinatlarının yüz min tonlarla qatı turş suları, ağır metal duzları və başqa tullantıları da Arazın qolu olan Oxçuçaya axıdılır. Ayrı-ayrı vaxtlarda suyun tərkibində misin miqdarı normadan 25-50 dəfə, fenolların miqdarı isə mütəmadi olaraq normadan 6-15 dəfə artıq olmuşdur. Mütəxəssislər qeyd edirlər ki, “Metsomor” AES-in fəaliyyəti nəticəsində hər sutka ərzində Araz çayına 12-16 min kubmetr radioaktiv tullantı axıdılır. Bu isə çayın suyunun Azərbaycan ərazisində həm içməli, həm də suvarma mənbəyi kimi istifadəsini təhlükə altına salır.

2021-ci ilin əvvəlində Avropa Komissiyası Ermənistanla tərəfdaşlıq sazişinin 2020-ci ildə icra olunmasına dair hesabatında qeyd edib ki, “Metsamor” AES quruluşuna görə nüvə təhlükəsizliyinə dair beynəlxalq standartlara uyğun yenidən qurula bilmədiyinə görə ən tez bir vaxtda bağlanılmalıdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirə zamanı demişdir: “Bizim üçün əsas təhlükə ondan ibarətdir ki, bizi su ilə təchiz edən əsas çaylarımız mənbəyini qonşu ölkələrdən götürür və xüsusilə Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur. Bu da bizim hamımız üçün təhlükədir. Çayın çirklənməsinin dayandırılması ilə bağlı etdiyimiz bütün müraciətlərimizə baxmayaraq, əfsuslar olsun ki, Ermənistan bu siyasəti davam etdirir”.

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşları tərəfindən 2015-ci ildə beynəlxalq layihə çərçivəsində (UETM) təbii fəlakət nəticəsində daşqınlara məruz qalmış və əkin üçün istifadə olunan İmişli və Saatlı rayonunun ərazilərində yetişdirilən və əhali tərəfindən istifadə olunan kənd təsərrüfatı bitkiləri ekogenetik tədqiq olunmuşdur. Tədqiqatların nəticəsində Araz boyu yerləşən bəzi kəndlərdə torpağın və suyun fiziki-kimyəvi analizləri aparılmışdır. Bu analizlərin nəticəsində torpaq və bəzi kənd təsərrüfatı bitkilərində çirklənmə dərəcəsi müəyyən olunmuşdur. Tədqiqatların aparıldığı bəzi kəndlərdə yerli əhali ilə söhbətlərdən məlum olmuşdur ki, bu kəndlərdə son illər bir çox xəstəliklərin, o cümlədən mədə-bağırsaq, ürək-damar, xərçəng və sair xəstəliklərin artması müşahidə olunur. Bu baxımdan Araz çayının suyunun həm suvarma, həm də içməli su kimi istifadə olunmasının əhalinin sağlamlığına təsirinin araşdırılması, statistik məlumatların toplanılıb analiz olunması və müvafiq mübarizə tədbirlərinin aparılması bu günün aktual problemi hesab oluna bilər.

Araz çayının Ermənistan tərəfindən çirklənməyə məruz qalması barədə İran İslam Respublikasında da ekoloqlar tərəfindən informasiyalar yayılmaqdadır. İran parlamentində Araz çayının Ermənistan tərəfindən çirklənməsi ilə bağlı çıxışlar olub. Həmin çıxışlarda Ərdəbil vilayətinin Muğan bölgəsində əhali arasında xərçəng xəstəliyinin artmasının səbəbinin Ermənistan ərazisində Araz çayının çirklənməyə məruz qalması göstərilir, Ermənistanın çaya radioaktiv tullantılar ataraq ekologiyaya böyük ziyan vurduğu da məruzədə qeyd edilir. Məlumdur ki, Araz çayı boyu İran əraziləri münbit torpaqlardır və burada kənd təsərrüfatı inkişaf etmişdir. Yerli fermerlər suvarma suyu kimi Araz çayından istifadə edirlər. Ermənistan tərəfindən çay suyunun toksiki maddələrlə çirklənməsi məhsuldarlığın azalması ilə yanaşı, əhali arasında müxtəlif xəstəliklərin də artmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, eyni durum Azərbaycan ərazisində də mövcuddur. Bizim də İranla bütün sərhədboyu ərazilərdə əkin sahələrimiz Araz çayının suyu ilə suvarılır.

            Azərbaycan Respublikasının 14 mart 2000-ci il tarixdə qoşulduğu “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi üzrə Konvensiya”da (Helsinkidə 17 mart 1992-ci ildə icra edilmişdir) qeyd olunur ki, bu Konvensiyanın tərəfləri sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsini təxirəsalınmaz və vacib vəzifə hesab edir.  

Konvensiyanın digər müddəalarında da tərəflərin bununla bağlı məsuliyyəti, ortaya çıxan fəsadların aradan qaldırılması üçün birgə fəaliyyətin göstərilməsi yollarından bəhs edilir.  Bütün bunları nəzərə alaraq bu gün regionumuz üçün böyük təhlükə ocağının istismar müddətinin uzadılmasına etiraz edərək region dövlətlərini, xalqlarını, beynəlxalq təşkilatları, dünya dövlətlərini gələcəkdə baş verə biləcək ağır faciənin qarşısını almaq üçün indidən vahid və rasional mövqe və qətiyyət nümayiş etdirməyə çağırırıq.

Sonda bunu da qeyd edək ki, Azərbaycan Respublikası 2006-cı il tarixdə "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi  haqqında" Çərçivə Konvensiyasına qoşulub. Arazın çirklənməsindən ən böyük zərəri Azərbaycan Respublikası, qonşu İran İslam Respublikası və Xəzər dənizi hövzəsi dövlətləri görür. Düşünürük ki, Araz çayını xilas etmək üçün çayın keçdiyi ölkələr və Xəzər dənizi hövzəsi dövlətləri Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Departamenti və Ümumdünya Səhiyyə Təşkilatının nəzarəti altında “Beynəlxalq Araz Konvensiyası” hazırlamaları daha məqsədəuyğun olardı. Bu həm də zamanın tələbidir.  

Görkəmli təbiətşünas alim, akademik Həsən Əliyevin dediyi kimi: “Bəlkə də, toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”.                      

                                                                                                

                                                                                                                       

Faiq Səfərov

Naxçıvan Muxtar Respublikası

Prokurorluğunun şöbə rəisi,

baş ədliyyə müşaviri,

Prokurorluğun fəxri işçisi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: