Antarktidada nəhəng mağara aşkar edilib. NUHÇIXAN “hi-tech”ə istinadla xəbər verir ki, mağaranın yerində əvvəllər təqribən 14 milyard ton ağırlığında buzlaq olub. Həmin buzlaq son bir neçə ildə əriyib.
Son vaxtlar Antarktida buzlaqları qlobal istiləşməyə tab gətirə bilmir. Yer kürəsinin ən cənub qitəsinin ayrı-ayrı buzlaqları fəlakətli dinamika nümayiş etdirir. Məsələn, Antarktidanın qərb hissəsindəki Tueyts buzlağı ildə 2 kilometrdən çox sürətlə sürüşür.
Belə sürətli yerdəyişmənin səbəbini NASA mütəxəssisləri müəyyən ediblər. Onlar “Operation Icebridge” adlı proqram çərçivəsində Antarktika buzlaqlarının üçölçülü xəritəsini tərtib ediblər. Xüsusi radarlarla təchiz edilmiş təyyarələrin köməyi ilə buzlağı onun altındakı torpaq qatına qədər nəzərdən keçirmək olar. Məhz bu radarlardan əldə edilmiş məlumatlar Tueyts buzlağının altında böyük boşluğun olduğunu göstərib.
Bu boşluğun ölçüləri həqiqətən sanballıdır. Boşluğun içərisini 14 milyard ton buzla doldurmaq olar. Əvvəllər elə belə də olub, lakin buzlağın böyük hissəsi əriyib. Mağaranın dərinliyi təxminən 300 metrdir, sahəsi isə demək olar, Manhetten adası qədərdir.
Buzlağın altındakı boşluq onu əhatə edən havadan daha isti hava ilə doludur. Bu da əriməni sürətləndirir. Əgər buzlaq bütünlüklə sürüşüb dənizə düşsə, əsl fəlakətə gətirib çıxaracaq, çünki onda Tueyts buzlağının ekranladığı bir neçə buzlaq birdən əriməyə başlayacaq.