Culfa rayonunda bədən tərbiyəsi və idmanın vəziyyəti ilə bağlı müşavirə olub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib. Müşavirədə Culfa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə qeyd edib ki, Culfa rayonunda da bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilib, mövcud bədən tərbiyəsi və idman müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, eyni zamanda yeni tikilən təhsil müəssisələrində ən müasir standartlara cavab verən idman zalları və açıq idman meydançaları yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, 2018-ci ilin  noyabr ayında Culfa şəhər mərkəzi stadionu əsaslı şəkildə təmir olunaraq gənclərin istifadəsinə verilib.

Bildirilib ki, hazırda  rayonda 25 idman zalı, 40 idman qurğusu, 1 Uşaq-Gənclər Şahmat Məktəbi, 1 mərkəzi və 10 kənd futbol meydançası, 6 məktəb stadionu və muxtar respublikada fəaliyyət göstərən 12 idman federasiyasından 11-nin bölməsi fəaliyyət göstərir. Bu gün mövcud olan idman infrastrukturu rayonda federasiya bölmələrinin fəaliyyəti üçün lazım olan bütün tələblərə cavab verir. Rayonda 7 yaşdan 18 yaşadək olan yeniyetmə və gənclərdən 3597 nəfəri idmanla məşğul olur.

Vüsal Məmmədzadə idmanın inkişafına göstərilən dövlət dəstəyindən danışaraq bildirib ki, rayon idmançıları son illər həm ölkə daxilində, həm də ölkədən kənarda, beynəlxalq səviyyəli yarışlarda iştirak edərək rayonu layiqincə təmsil edirlər. Gənc idmançılar Türkiyə, Ukrayna, Gürcüstan respublikalarında keçirilən müxtəlif idman növləri üzrə beynəlxalq turnirlərdə, həmçinin Azərbaycan və muxtar respublika birinciliklərində iştirak edərək yüksək nailiyyətlər əldə ediblər.

Qeyd olunub ki, əldə olunan nailiyyətlərə baxmayaraq bu sahədə hələ də nöqsanlar qalmaqdadır. Belə ki, gənclər və idman idarəsi işini idman federasiyalarının rayon bölmələri ilə qarşılıqlı əməkdaşlıq şəraitində qura bilmir, bəzi federasiyaların rayon bölmələrinin fəaliyyəti lazımi səviyyədə deyil. Bu sahədə görülən işlərin təhlili onu göstərir ki, gənclərin idmana cəlbi, idman infrastrukturundan səmərəli istifadə edilməsi istiqamətində lazımi maarifləndirmə tədbirləri görülmür. Yaradılmış şəraitə baxmayaraq ümumtəhsil məktəblərində aparılan monitorinqlər zamanı şahmat dərslərinin keyfiyyətinin qənaətbəxş olmadığı aydın şəkildə özünü göstərir. 

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-ci il 10 dekabr tarixdə “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. Müşavirədə bu istiqamətdə qarşıya mühüm vəzifələr qoyulub.

 Vüsal Məmmədzadə qarşıda duran vəzifələrdən bəhs edərək qeyd edib ki,  2019-cu ildə rayonda bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün bütün imkanlardan səmərəli istifadə olunmalı, gənclərin idmana cəlbi, idmanın kütləviliyinin artırılması sahəsində fəaliyyət daha da gücləndirilməlidir.     

Məruzə ətrafında Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov, Naxçıvan Muxtar Respublikası Şahmat federasiyasının Culfa rayon bölməsinin sədri Mehdixan Əliyev, Naxçıvan Muxtar Respublikası Paralimpiya federasiyasının Culfa rayon bölməsinin sədri Mustafa Cəlilov çıxış ediblər.

Müşavirədə məşqçi müəllim və idmançı şagirdlərə hədiyyələr verilib, müzakirə edilən  məsələ barədə qərar qəbul olunub.

 

 Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: