Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hüquqi və psixoloji baxımdan yetkinlik yaşına çatmamış şəxslərin erkən nikaha cəlb edilmələrinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Erkən nikahın təhlükələri, psixoloji və fiziki sağlamlığa təsirləri barədə aparılan maarifləndirmə tədbirlərinə baxmayaraq 2024-cü il ərzində 5-i Şərur, 1-i Kəngərli və 2-si də Babək rayonunda olmaqla, ümumilikdə 8 erkən nikaha cəhd edilib və hər bir cəhdin qarşısı alınıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, sonuncu dəfə isə 18 oktyabr 2024-cü il tarixdə Babək rayonunda erkən evliliyə cəhd edilib. Belə ki, Babək rayon Kərimbəyli kənd sakini 23 avqust 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Z.L-nin (ad və soyad şərtidir) 10 oktyabr 1996-cı il təvəllüdlü Babək rayon Qahab kənd sakini T.M. (ad və soyad şərtidir) ilə 18 oktyabr tarixində toy mərasiminin keçiriləcəyi məlumatı əldə edilib. Həmin məlumat əsasında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşlarının, Babək Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın və gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin valideynləri ilə qanunamüvafiq söhbət aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb. Tərəflərin valideynlərinin və yaxın qohumlarının aqressiya nümayiş etdirmələrinə baxmayaraq aid təşkilatların nümayəndələrinin səyi nəticəsində yetkinlik yaşına çatmayan şəxsin erkən evliliyinin qarşısı alınıb. Həmin toy mərasiminin Naxçıvan şəhərindəki şadlıq saraylarından birində təşkil olunması onu göstərir ki, bəzi şadlıq saraylarının rəhbərləri bu kimi məsələlərə biganə yanaşırlar. Bildirilir ki, restoran və şadlıq sarayı sahiblərinin qazanc naminə yetkinlik yaşına çatmayanların toy mərasimlərinin keçirilməsinə şərait yaratmaları onların gələcəkdə hüquqi baxımdan məsuliyyət daşımalarına səbəb olacaq və müvafiq dövlət orqanları tərəfindən erkən nikah hallarının qarşısı bundan sonra da qətiyyətlə alınacaq.
Vətəndaşlardan bu cür hadisələrə qarşı diqqətli olmağı, belə hallarla rastlaşdıqda dərhal vətəndaş mövqeyi göstərərək Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat vermələri xahiş olunur.
Telefon: (036) 545-39-75.