“Milliyət” qəzetinin internet bloqunda Naxçıvanın muxtariyyət qazanmasının 95 illik yubileyinə həsr olunmuş məqalə yerləşdirilib
Türkiyənin nüfuzlu “Milliyət” qəzetinin internet bloqunda jurnalist Rauf Əliyevin “95 il bundan əvvəl” adlı məqaləsi yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, məqalədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”nın təsdiq edildiyi qeyd olunub, həmin Tədbirlər Planına əsasən, muxtar respublikada silsilə tədbirlərin keçirildiyi diqqətə çatdırılıb.
Müəllif qədim yurdun muxtariyyət qazanması zərurətinin tarixi, siyasi və coğrafi amillərini ətraflı təhlil edərək yazıb ki, Naxçıvanın bu statusu qazanması iki qardaş ölkənin – Azərbaycan və Türkiyənin tarixi nailiyyətidir. Belə ki, muxtariyyət statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ildə imzalanan “Moskva müqaviləsi” ilə, daha sonra isə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında bağlanan “Qars müqaviləsi” ilə rəsmiləşdirilib. Yəni muxtariyyəti daxili qanunvericiliklə yanaşı, həm də beynəlxalq müqavilələrlə təsbit olunub. Həmin dövrdə Naxçıvan sakinlərinin birləşərək düşmənə müqavimət göstərməsi, qabaqcıl ziyalılarının gərgin səyləri, Azərbaycan ilə Türkiyənin qəti mövqeyi qədim diyarı dəhşətli aqibətdən xilas edib.
Məqalədə deyilir ki, çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvanın 1924-cü il fevralın 9-da muxtariyyət qazanması düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı məkrli planlara sarsıdıcı zərbə vurdu. Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyinin təmin olunmasında da müstəsna rol oynadı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini işğaldan, muxtariyyətini isə ləğv olunmaq təhlükəsindən xilas etdi.
Bu gün Naxçıvanın Türk dünyasında xüsusi yerə malik olduğunu diqqətə çatdıran müəllif 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, ötən il isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsinin mərkəz kimi bu qədim diyarın əhəmiyyətini daha da artırdığını vurğulayıb. Ötən il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı olması da onun beynəlxalq tədbirlərin keçirildiyi mühüm mədəniyyət mərkəzinə çevrildiyini göstərir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış ola bilərsiniz: http://blog.milliyet.com.tr/95-yil-once/Blog/.