Qadınlar arasında səhiyyə maarifləndirməsi aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, ana və uşaq ölümlərinin qarşısının alınması, əlilliyin aşağı düşməsi və hamilə qadınların maarifləndirilməsi məqsədilə seminar Babək, Culfa və Şahbuz rayonlarından sonra bu dəfə Ordubad rayonunda təşkil olunub. Səhiyyə nazirinin müavini Samrat Gəncəyeva, Ordubad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Elmar Zeynalov belə maarifləndirici seminarların keçirilməsinin əhəmiyyətindən bəhs ediblər. Həkim-ginekoloq Vüsalə Babayeva isə seminar iştirakçılarına hamilə qadınlara doğuşaqədərki qulluq prosesi barədə məlumat verib.
Ordubad rayonunun bütün kəndlərində olan feldşer-mama məntəqələrinin və həkim ambulatoriyalarının mama və tibb bacılarının iştirakı ilə təşkil olunan seminarda hamilə qadınların reyestri-hamilənin qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyinin sonuna qədər olan vəziyyəti barədə söhbət açılıb.
Qeyd edək ki, maarifləndirici seminarlar Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən keçirilir və məqsədi ana və uşaqlar arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılmasıdır.
Xanım Rüstəmzadə