Müasir dövrdə sağlamlıq üçün ən böyük təhlükə oturaq həyat tərzidir. Xüsusilə idmanla məşğul olmağa vaxtı və həvəsi olmayanlar üçün piyada gəzmək həm sağlamlıq, həm də artıq çəkidən xilas olmaq baxımından çox faydalıdır. Sürətli və cəld gəzinti əzələləri möhkəmləndirir, bədən quruluşunu normal saxlayır, artıq çəkinin nisbətən azalmasına imkan yaradır.
NUHÇIXAN xarici tibbi saytlara istinadla xəbər verir ki, piyada gəzmək ürək-damar sistemi üçün olduqca faydalıdır. Gəzinti zamanı qan dövranı yaxşılaşır, beyin və digər orqanlar oksigenlə daha yaxşı təchiz olunur, təmiz havada gəzmək əhvalın xoş olması, stress və gərginliyin aradan qaldırılması üçün əvəzsiz vasitədir.
Gündəlik gəzinti, həmçinin insanı cavan və gümrah saxlayır, qocalma prosesini ləngidir, tənəffüs yollarını açır, həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, görmə qabiliyyətinə müsbət təsir edir. Hər gün bir neçə saat gəzmək orqanizmin immun sistemini gücləndirir, müqaviməti artırır və bu da xəstəliklərə qarşı mübarizədə ən səmərəli vasitələrdən biri sayılır. Sağlam və dərin yuxu arzusunda olanların axşam gəzintisinə bir saat vaxt ayırması kifayətdir.
Sağlamlıq üçün sürətli yerişə üstünlük vermək lazımdır. Günün hansı saatlarının seçilməsi də əhəmiyyətli məsələdir. Yaşıllıqlar arasında gəzmək oksigenin bol olduğu səhər saatlarında daha münasibdir, çünki ağaclarda fotosintez prosesi məhz həmin vaxt gedir. Dəniz kənarında gəzmək üçün axşam saatları daha ideal vaxtdır, çünki həmin vaxt dənizdən havaya yod ifraz olunur.