Babək rayonunun yaranması günü qeyd olunub - VİDEO
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun yaranmasının 46-cı ildönümü qeyd olunub.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətinin qarşısındakı abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.
Babək Rayon Mədəniyyət Sarayında davam edən tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Ovni Muradov çıxış edərək bildirib ki, bu gün yaranmasının 46-cı ilini qeyd etdiyimiz Babək rayonu Ulu Öndərimizin yadigarı kimi yaşayır və inkişaf edir. Ötən əsrin 70-ci illərində Ulu Öndər bir tərəfdən milli şüurun bərpası istiqamətində tədbirlər həyata keçirir, digər tərəfdən isə regionlarda geniş quruculuq işlərinin aparılması, dağ, eləcə də sərhəd kənd və rayonlarının möhkəmləndirilməsi, yeni qəsəbələrin, rayonların yaradılması barədə qərarlar qəbul edirdi. 1978-ci il oktyabrın 23-də xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması ümummilli liderin milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malikdir.
Qeyd olunub ki, müstəqillik illərində Babək rayonu müasir yasayış məntəqəsinə çevrilib. Ötən dövrdə rayonun əksər kəndlərində kompleks quruculuq işləri aparılıb, rayon mərkəzində yeni inzibati və yasayış binaları tikilib.
Naxçıvan MR Ali Məclisinin deputatı Həbibə Allahverdiyeva, təqaüdçü müəllim Ənvər Hüseynov çıxış edərək bildiriblər ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” Babək rayonunun sürətli inkişafına və sosial infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına böyük təkan olub. Proqram çərçivəsində aparılan işlərin miqyası gündən-günə genişlənməkdədir.
Çıxışların ardınca rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərin mükafatlandırılması mərasimi keçirilib.
Sonra rayonun keçdiyi inkişaf yolu ilə bağlı videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə başa çatıb.