Gəzək, görək, tanıyaq… - FOTOLAR
Təqvimlə bu gün dahi şair, dramaturq Hüseyn Cavidin anadan olan günüdür. Növbəti gəzək, görək tanıyaq istəyimizlə yolumuzu bu dəfə Naxçıvan şəhəri 20 Yanvar küçəsində yerləşən Hüseyn Cavid Xatirə Kompleksi və Ev Muzeyinə salırıq. İlk ünvanımız Xatirə Kompleksidir. Ağ mərmər daşdan tikilmiş, ulduz formalı məqbərəyə yaxınlaşarkən, sağ tərəfdə qoyulan mərmər daşa diqqət edirəm. Mərmər üzərində qeyd olunub: “1937-ci il siyasi repressiyalarının qurbanı dahi Azərbaycan şairi Hüseyn Cavidin cənazəsi 1982-ci ildə Heydər Əliyevin böyük səyləri nəticəsində Sibirdən Azərbaycana gətirilərək burada – doğulduğu Naxçıvan torpağında dəfn edilmişdir. Məqbərə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə 1996-cı ildə tikilmişdir”.
Kompleksin yaranma tarixi ilə tanış olduqdan sonra Hüseyn Cavid və ailəsini ziyarət etmək üçün məqbərəyə daxil oluram. Bildirim ki, məqbərə tikildikdən sonra Hüseyn Cavidin ömür-gün yoldaşı Müşgünaz xanımın və oğlu Ərtoğrolun qəbirləri də 1996-cı ildə buraya köçürülüb. 2004-cü ildə şairin qızı Turan xanım da vəfat etdikdən sonra sərdabədə ailə üzvlərinin yanında dəfn olunub.
Dahi şairin büstünə nəzər yetirib, sərdabənin aşağısında görünən məzarları ziyarət etdim. Bu zaman qəlbimdən şairin bir bənd şeirini söyləmək keçdi.
Hər qulun cahanda bir pənahı var,
Hər əhli-halın bir qibləgahı var,
Hər kəsin bir eşqi, bir Allahı var,
Mənim Tanrım gözəllikdir, sevgidir.
Məqbərədən çıxıb, üz tuturam Hüseyn Cavidin ev muzeyinə. İlk dəfə olaraq tanış olduğum bu muzey mənin üçün də böyük maraq doğurur. Həyətə yaxınlaşarkən, divarda şairə aid yazılan kəliməni oxuyuram. “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”.
İçəri daxil olub bələdçi ilə salamlaşır, şairin həyat yolu və yaradıcılığı ilə bu məkanda daha yaxından tanış oluram.
Məlumat alıram ki, muzey Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1981-ci il 21 iyul tarixli qərarı ilə yaradılıb. Açılışı 1984-cü ildə olduğu üçün muzey 40 ildir, fəaliyyət göstərir.
Muzey giriş hissədən və beş ekspozisiya zalından ibarətdir. Demək olar ki, muzey şairin həyatının hər dövründən söhbət açır. Otaqda addım-addım bu söhbəti dinləyir, öyrəndiklərimi qələmə almaq üçün tələsirəm.
1882-ci il oktyabr ayının 24-də Naxçıvan şəhərində anadan olan Hüseyn Abdulla oğlu Rasizadə uşaqlıq illərini burada keçirib və ilk təhsilini mollaxanada alıb. Dünyəvi elimlərə maraq göstərən şairin həmin dövrünə aid rəssam Arif Hüseynovun çəkdiyi “Uşaqlıq xatirələri” adlı rəsm əsərində Hüseyn Cavidin molla olmaq istəməməsi təsvir olunur.
Hüseyn Cavid Ərəb və fars dillərini qardaşı Şeyx Məhəmməddən öyrənir. Sonra təhsilinə Məmməd Tağı Sidqinin Naxçıvanda açdığı “Məktəbi tərbiyə” adlı məktəbdə davam edən şair həmin dövrdə “Gülçin və Salik” imzaları ilə yaradıcılığa başlayaraq şeirlər yazır. Rəssam Arif Hüseynov şairin məktəb dövrü və yaradıcılıqla məşğul olmasını rəsm əsərində təsvir edib. Həmin təsvirdə şairin “Salik” imzası ilə yazdığı şerin bir bəndi də verilib.
Sizinlə bağlıdır iqbali, həm zəvali Vətən
Əgər sual edələr Salikin xəyalı nədir?
Deyin həqiqəti, ancaq olub mali Vətən.
1898-ci ildə “Məktəbi tərbiyə”ni bitirən Cavid şiddətli göz ağrısından Təbriz şəhərinə müalicə olmaq üçün gedir. Burada müalicə olunan şair “Talibiyyə” mədrəsəsində dini təhsil alır. Şairin təhsil aldığı həmin mədrəsənin şəkili muzeydə sərgilənib.
1905-ci ildə İstanbul şəhərinə gedən Hüseyn Cavid İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil olaraq təhsil alıb. Şairin Naxçıvanda, Təbrizdə və İstanbulda təhsil aldığı dövrləri rəssam Əli Verdiyev əsərində böyük ustalıqla təsvir edib.
Təhsilini başa vuran Hüseyn Cavid Naxçıvan şəhərinə geri dönərək “Rüşdiyyə” məktəbində pedaqoji fəaliyyətlə məşğul olur. Muzeydə şairin 1912-ci ildə Naxçıvanda çəkdirdiyi fotoşəkli və yaşadığı evin köhnə formada olan fotoşəklinin orijinalı sərgilənib. Birinci ekspozisiya zalında şairin ailəsinə məxsus əşyalar da yerləşib ki, bütün bunlar da daxil olmaqla Cavidin uşaqlıq, gənclik dövrü və ailəsinin yaşam tərzi ilə daha yaxından tanış oluruq.
Daxil olduğum ikinci ekspozisiya zalında isə şairin yaradıcılığı haqqında geniş məlumat alıram. Qeyd edək ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında 13 dram əsərinin və ilk mənzum faciənin müəllifi olub. Bir sıra rəssamlar, tədqiqatçılar, şair və yazıçılar Hüseyn Cavidin yaradıcılığına müraciət edərək onun haqqında monoqrafiyalar yazmış, əsərlərinə illustrasiyalar çəkiblər. Ekspozisiyada müəllifi Elmira Şahtaxtinski olan “Uyuyur”, “Şeyx Sənan” əsərlərinə çəkilmiş illustrasiyalar və “Şeyx Sənan” pyesinin, “Şərqə doğru” şeirinin və “Knyaz” əsərlərinin fotosurəti nümayiş olunub.
Uzun illər göz xəstəliyindən əziyyət çəkən Şair 1926-cı ildə Xalq Maarif Komissarlığı tərəfindən dövlət hesabına Almaniyaya göndərilərək müalicə olunur. Burada elmi işlə də məşğul olan Hüseyn Cavid “Məktəbi tərbiyə”ni bitirməsi ilə bağlı sənədi Almaniyaya apardığı sənədlər ekspozisiyada nümayiş olunub.
Ekspozisiya ilə tanış olduqca burada şairin yaradıcılığında baş rol alan qəhrəmanların maketləri ilə də tanış oluruq. Bildirim ki, Şairin dram əsərləri hələ sağlığında səhnələşdirilib. 1956-cı ildə bəraət alan şairin dram əsərləri respublikanın hər yerində teatrlarda tamaşaya qoyulub. Həmin tamaşalardan şəkillər də ekspozisiyada yer alır. Hüseyn Cavidin lirik elementlərini özündə əks etdirən Şeyda pyesi AMEA, Hüseyn Cavidin Ev Muzeyi və Bakı Slavyan Universitetinin birgə təşəbbüsü ilə 2012-ci ildə 10 dildə nəşr olunub.
Üçüncü ekspozisiya zalı isə şairin iş otağıdır. Burada şarin yazı masası və “İblis” əsərinə hazırlanan tamaşanın eskiz-maketi sərgilənib.
Dördüncü ekspozisiya zalına daxil olarkən bir an insanı bürüyən təssüf hissindən otaqa daxil olmaq istəmirik. Bu otaq matəm otağı adlandırılıb. Maraq doğuran bu otaq bizə 1937-ci ildə dövrün bəlasından yan keçə bilməyən şairin repressiya qurbanlarından birinə çevrilməsi və xalq düşməni kimi damğalanıb Sibirə sürgün edilməsindən bəhs edir.
Bildirim ki, 1941-ci il dekabr ayının 5-də həbs düşərgəsində həyata gözlərini əbədi yuman şair İrkutsk vilayətinin Tayşet rayonun Şevçenko kəndi yaxınlığındakı qəbiristanlıqda dəfn edilib. Şairin məzarı üzərinə 59 nömrəli taxta parçası qoyulub.
Ekspozisiyada sərgilənən eksponantlar şairin repressiya dövrünə həsr olunub. Burada Hüseyn Caviddən həbs olunma zamanı götürülən barmaq izləri, sibirdən bir ovuc götürülən məzarının torpağı və həmin 59 nömrəli taxta parçası nümayiş olunur.
Görkəmli ədibin 100 illik yubileyi ərəfəsində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə şairin nəşinin qalıqları vətənə gətirilmiş AMEA-nın Əlyazmalar İnstitunda vida mərasimi keçirilmişdir. Mərasimdə Ümummilli Lider də iştirak etmişdir. Həmin mərasimlə bağlı şəkillər ekspozisiya zalında nümayiş olunub. Həmçinin zalda “Repressiya qurbanları” adlı kollaj sərgilənib. Həmin kollaj Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi Bəhruz Axundov tərəfindən hazırlanıb. Kollajda Hüseyn Cavid və daha beş Azərbaycan ziyalısının 1937-ci il repressiyasına məruz qaldıqları təsvir olunub.
Sonuncu ekspozisiya zalına daxil oluram bura Cavidlər ailəsinin həm qonaq, həm də xatirə otağı adlanır. Şairin dostu Rza Təhmasibin dediyi dəyərli fikirlər diqqətimi çəkir. “Cavid sözü təkcə onun təxəllüsü deyildir. Bu söz Cavid yaradıcılığının ölməzlik rəmzidir”.
Ekspozisiyada əlavə olaraq Ərtoğrol Cavid və Turan Cavidə həsr olunmuş guşə ilə də tanış oluram. Qısa ömrünə rəssam, şair və bəstəkar olmağı sığdıran Ərtoğrol Cavidin də yaradıcılığı dövlətimiz tərəfindən qiymətləndirilib. Ondan qalan irs öyrənilir və təbliğ edilir. Burada Turan xanım haqqında məlumat və ona məxsus əşyalar sərgilənib.
Dahi şairin ömür yolunun bir qismini muzeylə tanışlıqla başa vururam. Binanı tərk edərkən qəlbən böyük fəxr hissi duyuram. Bu aliənin üzvləri qısa ömürlərini sadəcə vətənə həsr edib xalqın inkişafı yolunda xidmət göstəriblər. Bütün bu xidmətlər qarşısında Cavidlər ailəsini yad etmək düşünürəm hər bir azərbaycanlının borcudur. Biz də bu gün bu borcun bir qismini yerinə yetirənlərdən olduq.
Növbəti yeni ünvanda, yeni məlumatlarla görüşənədək...
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı