Əbədi gənclik

A- A A+

Gənclik. Ömrün ən enerjili, məhsuldar çağı. Əbəs yerə deyilməyib ki, hər nə istəyirsənsə çalış onu gənclikdə əldə et, sonra çox istəsən belə, həm çətin olacaq, həm də özünün də həvəsin qalmayacaq. Xüsusilə də təhsil və işlə əlaqədar bu tip məsləhətləri az eşitməmişik. Bu illərdən qaynaqlanan enerji, həvəs və eyni zamanda sahib olduğumuz yaxşı yaddaş hesabına həmin dövrü əhatə edən zaman kəsiyi bizim üçün daha məhsuldar hesab edilir.

 Bu dövrü xarakterizə edən meyarlardan biri də maraqdır. Ətrafda olan hər şeylə maraqlanır, diqqətimizi çəkən nələrəsə xüsusi yanaşırıq. Öz  məqsədlərimizə doğru qaçırıq, həm də heç yorulmadan. Növbəti addımda isə axtarışlar, araşdırmalar, nəticə və seçim. Bəlkə də bütün həyatımızı məhz bu sxemlə nizamlayırıq.  

Gənclik illəri cəmiyyətdə hansı mövqedə çıxış etməyimiz baxımından da olduqca vacibdir. Həmin illərdən qərarlaşdırarıq hansı yolda yerimək istədiyimizi, cəmiyyətə kim olaraq necə xidmət edəcəyimizi, bundan sonrakı istiqaməti və sair. Bu illərdə verdiyimiz qərarların ətəyindən tutub bir ömür onların arxasınca addımlarıq. İnsan gərək gənclik illərini yaxşı dəyərləndirə bilsin. Bəzən bu illəri doğru dəyərləndirə bilmədiyimiz hallar da olur. Əbəs yerə deyilməyib ki, “Başında gənclik havasıyla qərarlar verirsən”. Bəlkə də bu, hələ həyatdan alına bilməyən təcrübənin azlığından irəli gəlir. Beynimizdə get-gəl edən fikirlər, suallar, bəzən isə xəyallar hərdən gələcəyi görməyimizə mane olur.

Əslində  gənclik dövrü doya- doya yaşanacaq bir dövrdür. Çoxumuzun həyatında elə həmin təcrübəsiz yaşımızda bizə nəyi isə  öyrədən səhvlərin izi, səhvlərimizdən isə qazandığımız yaxşı nəticələrimiz olur.

...18- 35 yaş arası gənclik dövrü sayılır.  Bu bəzilərini təəssüfləndirməsin. İnsanın ruhunun yaş deyilən mövhumdan xəbəri belə yoxdur. Onun yaşlı və ya gənc olmasını ötən illər təyin etməzmiş. Deyilənə görə, insan qoca olmağa qərar verdiyi gün qocalarmış. Siz özünüzü gənc olaraq görməyə qərar verin ki, həmin illərin enerjisini ruhunuzda duyasınız. Gənclər və ruhu gənc olanlar, günümüz mübarək.

 Fatma Babayeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: