İqlim dəyişmələri türk fermerlərini məhsuldarlığa mənfi təsir edərək əkin qrafikinə yenidən baxmağa məcbur edir.
NUHÇIXAN xəbər verir ki, bu fikri Türkiyə Əkinçilik Palataları Birliyinin (TZOB) rəhbəri Şemsi Bayraktar jurnalistlərə bildirib.
Onun sözlərinə görə, temperatur göstəricilərinin yüksəlməsi quraqlığa gətirib çıxarır ki, bu da yığılan məhsulun həcmini azaltmaqla yanaşı, onun keyfiyyətinə də təsir edir.
Ş.Bayraktar Türkiyədə dekabrın əvvəlinə qədər davam edəcək qışlıq buğda və arpa növlərinin əkininə başlanılmasına diqqət çəkib. “Fermerlər əkin mövsümündən sonra yağıntılara güvənirlər. Meteoroloqların proqnozları onları əkin vaxtını dəyişdirməyə məcbur edir və bu, məhsulların keyfiyyətinə təsir edir”, - deyə TZOB rəhbəri bildirib. O, izah edib ki, səpin vaxtının təxirə salınması ilə əkin toxumları kifayət qədər cücərmir və şaxtaya daha çox həssas olur.
TZOB rəhbəri xatırladıb ki, ötən ilin oktyabr ayında Türkiyədə yağıntı normadan 26 faiz az olub, buna görə də bu il fermerlər işlərə həmişəkindən daha gec başlamağa üstünlük verirlər.
“Ölkənin ayrı-ayrı ərazilərində əkin qrafiki bir ay təxirə salınır. Məsələn, qırmızı mərcimək dekabrın sonuna kimi əkiləcək”, - deyə o qeyd edib.
Ş.Bayraktar bildirib ki, Türkiyədə ümumi əkin sahəsi 6,8 milyon hektardır.
“İndiki mərhələdə planlı istehsal mövcud vəziyyətdən çıxış yolu kimi görünür”, - deyən TZOB rəhbəri Türkiyə hakimiyyətinin istehsalı dövlət tərəfindən dəstəklənən 13 strateji əhəmiyyətli məhsul növü kateqoriyasını müəyyən etdiyini xatırladıb.