Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti ölkəmizdə uğurla davam etdirilir. Ölkəmizin hər yerində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da dövlət səviyyəsində gənclərə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Onlar hər zaman muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə əhatə olunublar.
Ordubad rayonunun gəncləri də bu gün ulu öndər Heydər Əliyevin ideyaları ətrafında sıx birləşib. Rayonda son illər inşa edilən ümumtəhsil məktəblərindəki idman zallarının, açıq idman meydançalarının yüksək səviyyədə qurulması, mədəniyyət ocaqlarının və parkların yaradılması gənclərin asudə vaxtlarının daha səmərəli təşkilinə və onların sağlamlığının qorunmasına göstərilən qayğının bariz nümunəsidir.
Gənclərin müxtəlif peşələrə yiyələnmələri bu gün ən aktual məsələdir. 2016-cı il mayın 5-də Ordubad Texniki Peşə və Sürücülük Məktəbi üçün yeni binanın istifadəyə verilməsi bu sahənin inkişafına mühüm təsir göstərir. Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, son illər rayonumuzda yüzlərlə gənc müxtəlif peşələrə yiyələniblər. Təkcə ötən il Ordubad Texniki Peşə və Sürücülük Məktəbində sürücülük, dərzi, traktorçu-maşinist, dayə, gözətçi, bərbər-manikürçü, kompüter istifadəçisi, çörək və qənnadı məmulatları ustası və sairə peşələr üzrə 457 nəfər müdavim təsil alıb. Onlara müvafiq sertifikartlar təqdim edilib.
Ordubad Rayon Gənclər və İdman İdarəsinin, eləcə də Uşaq-Gənclər İdman Məktəbinin, Təhsil və Mədəniyyət şöbələrinin xətti ilə gənclərin asudə vaxtlarının mənalı keçirməsi üçün ötən il biri-birindən maraqlı tədbirlər həyata keçirilib.
Belə ki, ötən il ümumilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Naxçıvan şəhərində Uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri arasında keçirilən müsabiqədə Ordubad şəhər Uşaq Musiqi məktəbi uğurla çıxış edib, yeddisi I yer, beşi II yer, biri III yer olmaqla fəxri fərman və diplomlarla mükafatlandırılıblar. Ordubad şəhər Uşaq Musiqi məktəbi “İlin məktəbi” adına və I dərəcəli diploma layiq görülüb. Vənənd kənd Uşaq Musiqi məktəbi də həmin müsabiqədə uğurla iştirak edib, bir I yer, iki II yer əldə edib, bir fəxri fərmanla mükafatlandırılıb.
2018-ci ildə Ordubad Rayon Gənclər və İdman İdarəsi tərəfindən həyata keçirilən 40 idman tədbirində 1683 nəfər, 51 gənclər tədbirində isə 2476 nəfərdən çox yeniyetmə və gənc iştirak edib.
İl ərzində keçirilən tədbirlərdə yüksək nəticələr əldə etmiş yeniyetmə və gənclər müxtəlif diplom, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.
Gənclərimiz yenicə qədəm qoyduğumuz 2019-cu ildə də ölkəmizin ictimai-siyasi tədbirlərində fəal iştirak edəcək, layiqli vətəndaş olduqlarını sübut edəcəklər.
Hacı Sadıqov
Ordubad Rayon Gənclər və
İdman İdarəsinin rəisi
"El həyatı" qəzeti