NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunda 2 Fevral Gənclər Günü münasibətilə tədbir keçirilib
Keçirilən tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə bildirib ki, istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, onların inkişafı üçün əlverişli mühitin yaradılması məqsədilə tez-tez müxtəlif müsabiqələrin, olimpiadaların, bilik yarışlarının keçirilməsi gənclərin cəmiyyətdəki rolunu yüksəltməkdə mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, ümummilli liderimizin təməlini qoyduğu dövlət gənclər siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Mövzu ətrafında Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva və Gənclər Birliyinin üzvü Bulud Bağırlı çıxış ediblər.
Tədbirin sonunda “Dahi şəxsiyyət” filmi nümayiş etdirilib.
Hidayət Seyidov