NUHÇIXAN xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Gənclər günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə əvvəlcə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda hazırlanan videomateriala baxış olub.
Sonra Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədr müavini Cəlal Həsənli, Naxçıvan Şəhər Gənclər və İdman idarəsinin rəisi Xəyal Qurbanov və Gənclər Fondunun əməkdaşı Fərid Seyidov muxtar respublikada həyata keçirilən dövlət gənclər siyasətindən və onlar üçün yaradılan şəraitdən danışıblar. Qeyd olunub ki, muxtar respublikada gənc nəsil hərtərəfli qayğı ilə əhatə olunub. Diqqətə çatdırılıb ki, ötən dövrdə muxtar respublikada 200-dən çox məktəb binası, 5 peşə məktəbi, Gənclər Mərkəzi, tələbə evləri, 50-dən artıq idman obyekti, universitet şəhərcikləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Gənclər Fondunun yaradılması muxtar respublikada gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.
Vurğulanıb ki, Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçililməsi, Avropa Günlərinin, Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun keçirilməsi muxtar respublikada gələcəyimiz olan gənclərə göstərilən qayğının və yaradılan şəraitin bariz nümunələrindəndir.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansambılın ifasınında mahnı və musiqi nömrələri səsləndirilib.
Röyal Kərimov