Xalq rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Respublikasının xalq rəssamı, teatrın baş rəssamı Hüseynqulu Əliyevin 70 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova qeyd edib ki, 1989-cu ildən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının baş rəssamı olan Hüseynqulu Əliyev 2000-ci ildən 2011-ci ilədək Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinin sədri vəzifəsində çalışıb. Daha sonra Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və rəsmxətt kafedrasının müdiri vəzifəsində işləyib. Hazırda Universitetin professorudur. Natəvan Qədimova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından yubilyara hədiyyə təqdim edib.

Tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və əməkdar rəssam Həbibə Allahverdiyeva və digər çıxış edənlər yubilyara ürək sözlərini bildirib və hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, görkəmli sənətkar 1988-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, 1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar rəssamı, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam Respublikamızda ilk dəfə ucalan  Koroğlu heykəlini məharətlə yaradıb. Həmçinin, Bəhruz Kəngərlinin məzarüstü abidəsi, Şəhidlər xiyabanındakı Ana abidəsi, muxtar respublikanın Vənənd və Nehrəm kəndlərindəki “Şəhidlər abidəsi” rəssamın yaradıcılıq yolunun qayəsini müəyyənləşdirmək baxımından dəyərlidir.

Hüseynqulu Əliyevin yaradıcılığının geniş bir hissəsini onun neçə-neçə tamaşaya səhnə tərtibatı verməsi, geyim eskizləri hazırlaması təşkil edir. Rəssam “Xeyir və Şər”, “Arşın mal alan”, “Özümüz bilərik”, “O olmasın, bu olsun“ və digər tamaşalara tərtibat verib.

Sonda xalq rəssamı Hüseynqulu  Əliyev yaradıcılığına yüksək qiymət verildiyi üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

 

Rəmzi İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: