Muxtar respublikamızda ildən-ilə genişlənən quruculuq tədbirləri sayəsində şəhər və kəndlərimizin siması əsaslı şəkildə dəyişilib. Rayonumuz da bu baxımdan diqqətçəkən bölgələrdəndir. Bir-birinin ardınca inşa olunan kənd mərkəzləri, təhsil, mədəniyyət və səhiyyə ocaqları, yaradılan infrastrukturlar əhalinin yaşayışına, həyat tərzinə müsbət təsir göstərir. Belə quruculuq tədbirlərindən Xətai və Yeni Havuş kəndlərinə də pay düşüb.
Sakinləri sevindirən amillərdən biri bu il qapılarını müəllim və şagirdlərin üzünə açacaq 120 şagird yerlik tam orta məktəb binasının tikintisidir. Qısa müddətdə binanın hörgüsü, daxildə və fasad hissədə suvaq işləri qurtarıb, dam örtüyü vurulub. Kəndlərarası yeraltı rabitə xətləri çəkilib. Hazırda qapı və pəncərələr asılır, ön tərəfdə fasad hissəyə cilalanmış travertin bərkidilir.
Yeni məktəbdə 12 sinif otağı, laboratoriyalar, kitabxana, hərbi kabinə, müəllimlər otağı, 2 elektron lövhəli və 1 kompüter sinifləri, şahmat sinfi, idman zalı, bufet olacaqdır. Məktəb qış aylarında fərdi qazanxana ilə qızdırılacaqdır.
Adıçəkilən ünvanlarda inşa edilən obyektlərdən biri də kənd mərkəzi üçün nəzərdə tutulub. İki mərtəbədən ibarət olan binanın hörgüsü, dam örtüyünün vurulması, qapı və pəncərələrin salınması, suvaq və rəngləmə işləri qurtarıb. Yeni binada inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və digər yerli qurumların normal fəaliyyəti üçün hərtərəfli şərait yaradılır.
Kənd mərkəzinin yanında tikilmiş birmərtəbəli bina istifadəyə verildikdən sonra isə buradakı məişət xidməti sexləri və ticarət şəbəkələri sakinlərin xidmətində olacaqdır. Artıq xidmət evi də demək olar ki, istifadəyə hazırdır.
Yeni tikilən binaların ətrafında abadlıq işləri aparmaq, bəzək ağacları və gül kolları əkmək üçün yerlər hazırlanır, sukeçərlər beton kanallara salınır. Təxminən 3 kilometrlik Oğuzkənd -- Yeni Havuş yolunun, həmçinin məhəllələrarası yolların əsaslı təmiri, kommunikasiya xətlərinin dəyişdirilməsi də Xətai və Yeni Havuşdakı quruculuq tədbirlərinin bir hissəsidir.
Qeyd edək ki, buradakı inşaat işləri «Artay» LTD Tikinti Şirkəti Naxçıvan Filialının kollektivinə tapşırılmışdır.
Mehman Məmmədov
“Şərurun səsi” qəzeti