Şəxsiyyətin inkişafı, tərbiyəsi, yaş xüsusiyyətləri Azərbaycan xalq pedaqoji fikrində hər zaman diqqətdə olan məsələdir. Bu vacib mövzu ilə əlaqədar Şərq fəlsəfi, pedaqoji və psixoloji fikrinin qabaqcıl nümayəndələri olan Nizami Gəncəvi, Füzuli, Nəsimi, Nəsirəddin Tusi, Sədi Şirazi, İmam Qəzali, Cəlaləddin Rumi və digər mütəfəkkirlərin dəyərli fikirləri və qiymətli nəsihətləri məlumdur. Belə əhəmiyyətli fikir müəlliflərindən biri də Əbu Həmid Məhəmməd ibn Məhəmməd əl-Qəzalidir.
Dahi Şərq filosofu Həmid Qəzali 1058-ci ildə Tus şəhərində anadan olub. Böyük islam alimi Qəzalinin tərbiyə haqqında fikirləri bu gün də öz əhəmiyyətini saxlayır və tərbiyə işində hər hansı bir öhdəliyi olan pedaqoqlar, valideynlər, valideyn olmağa hazırlaşan gənclər üçün aktualdır. Qəzalinin müqəddəs “Qurani Kərim”dən qaynaqlanan tərbiyəvi əhəmiyyətli əsərləri, şəxsiyyətin formalaşması ilə bağlı fikirləri böyüyən nəslin təlim-tərbiyəsinə müsbət təsir göstərən tam bir tərbiyə sistemidir. İslam tərbiyəsi insanın əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafını nəzərdə tutur. İslama görə, bədən elə bir qəlibdir ki, ruh buraya tökülür. Bədənə və ruha ağıl rəhbərlik edir. İslamın müqəddəs kitabında deyildiyi kimi, Allah ağıldan daha dəyərli bir şey yaratmamış və insanlara – mən sənə ağıl verdim, ağlını işlət,- demişdir.
Qəzalinin uşaqların əqli, əxlaqi, fiziki tərbiyəsindən, yaxşı təlim almasından, elmlərə dərindən yiyələnmələrindən bəhs edən “Xoşbəxtlik iksiri” əsəri ağıl və tərbiyə ilə bağlı orijinal fikirlərlə zəngindir. Böyük filosofun uşaqların tərbiyəsi ilə bağlı fikirlərini əxlaq məcəlləsiadlandırmaq olar. Burada uşaqların əxlaqi cəhətdən saf, mənəvi baxımdan yetkin tərbiyəsi üçün valideynlərin bilməsi vacib hesab olunan bir çox dəyərli fikirlər mövcuddur.
Bu Şərq filosofuna görə, uşaqlarda həya hissinin formalaşmasına ciddi əhəmiyyət verilməlidir. Uşağın bəzi şeylərdən həya etməsi onun ağıllı olmasına dəlalət edir, həyalı uşaq pisi yaxşıdan, halalı haramdan asanlıqla seçə bilir, onda pisə qarşı ikrah, yaxşıya doğru meyl yaranır.
Uşaqlar sadə geyinməli, bəzəkli şeylərdən uzaq olmalı, böyüklər kimi bəzənib-düzənməməlidirlər, onların geyimində bir qədər sadəlik gözlənilməlidir. Uşaqların öz yoldaşları arasında valideynlərinin mal-dövləti, nailiyyətləri ilə öyünməsinə imkan verilməməli, onlar insan mənəviyyatını pozan hərəkətlərdən, zinət əşyalarından, dünya malına hərislikdən uzaqlaşdırılmalıdır.
Qəzali tövsiyə edir ki, uşaqlara böyüklər qarşısında ayağını ayağının üstünə, əlini əlinin altına qoymağın, uzanmağın ədəbsizlik olduğu başa salınmalıdır. Uşaqlar istər doğru, istərsə də yalandan and içmək vərdişlərindənuzaqlaşdırılmalıdır. Onlara lazım gələndə susmağı bacarmaq, başqasının sözünü kəsməmək, özündən böyüyə yer vermək kimi davranışlar öyrədilməli, halal, haram, xəyanət, ikiüzlülük kimi mənfi əxlaqi keyfiyyətlərin törətdikləri fəsadlar başa salınmalıdır.
Dahi filosof uşaqların mənəvi saflığı ilə bərabər onların fiziki sağlamlığının da qayğısına qalmağı vacib hesab edir, uşaqların gümrah və sağlam olması üçün onlara gün rejimi yaradılmasını tövsiyə edir. Qeyd edir ki, uşaqlar vaxtında məktəbə göndərilməli, onlara yaşlarına uyğun gəlməyən məlumat verilməməli, onların təlim və tərbiyəsində yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Məktəb təlimindən sonra uşaqların asudə vaxtları düzgün təşkil olunmalı, mənfi meyllər yarada biləcək məhrumiyyətlərə yol verilməməlidir.
Tərbiyə zamanı uşağın təbiətində büruzə verən müsbət hadisəyə, hərəkətə və davranışındakı yaxşı cəhətlərə istinad olunmalıdır. Uşaqlar əməllərinə görə qiymətləndirilməli və ya cəzalandırılmalıdır, hər xırda şey üçün uşaqlara hədiyyə və mükafat verilməməlidir. Ana uşağın təbii tərbiyəçisi olmalı, onun gözündə atanı şöhrətləndirməlidir.
Qəzali tövsiyə edir ki, uşaqlara yoldaşının işindən iftixar hiss duymağı, dosta qarşı səmimi olmağı, ondan təmənna gözləməməyi, öz nəfsini, heysiyyətini, məğrurluğunu saxlamağı öyrətmək lazımdır. Yoldaşa xəyanətin insan üçün ən pis və qəbahətli hal olduğu onlara başa salınmalıdır.
Şərqin dahi filosofunun gənc nəslin tərbiyəsində mühüm rol oynayan valideyn-uşaq münasibətlərinin düzgün formalaşması üçün olduqca faydalı olan aşağıdakı tezisləri gənc valideynlərə örnək ola biləcək tövsiyələrdir:
uşağınızın sizin kimi olacağını gözləməyin, onun sizin kimi deyil, özü kimi olmasına kömək edin;
etdiklərinizin əvəzini uşaqdan istəməyin. Siz ona həyat vermisiniz, buna görə o sizə necə minnətdarlıq edə bilər? O bir başqasına, bir başqası da başqa birinə həyat verəcək. Həyatın qanunu belədir;
acıqlandığınız zaman bunun hirsini uşağınızdan çıxmayın;
problemləri həddən artıq şişirtməyin. Əmin olun ki, mövcud şərait uşağınızı da sizin qədər narahat edir. Ola bilsin ki, onun narahatlığı sizinkindən çoxdur. Çünki o, kifayət qədər təcrübəli deyil;
uşağı alçaltmayın;
insan həyatının ən vacib məqamı uşaqla olan görüşdür. Onlara diqqət ayırın, çünki uşağın simasında kimi qarşılayacağınızı əvvəlcədən yəqin edə bilməzsiniz;
uşağınız üçün nəyisə edə bilmədiyiniz üçün təəssüflənməyin. O zaman təəssüflənin ki, imkanınız olduğu halda bunu etmirsiniz;
uşaq həyatınızı alt-üst edəcək tiran deyil. O, təbiətin sizə bəxş etdiyi və qorumağı tövsiyə etdiyi nemətdir;
özgə uşaqlarını da sevməyi bacarın. Öz uşağınızın xətrinə dəyə biləcək addımları onun üzərində tətbiq etməyin;
bütün uşaqlarınıza eyni gözlə baxın. İstedadsız, uğursuz, böyük və ya kiçik olmasından asılı olmayaraq uşaqlarınızı sevin;
onlarla ünsiyyətdə olmaqdan zövq alın. Çünki övlad qarşılamaq, həyatınızın ən böyük bayramıdır.
Hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsi üçün dahi mütəfəkkirlərin əsərlərində ifadə etdikləri, tarixən sınaqdan çıxmış təlim və tərbiyə metodlarını öyrənmək və istifadə etmək faydalı olardı. Pedaqoji fikir tariximizdə Qəzali kimi filosofların fikirləri hər zaman bir məktəb olaraq öyrənilməlidir.
Ruhəngiz Əliyeva
Naxçıvan Müəllimlər İnstitutunun müəllimi