Muxtar respublikamız sosial-iqtisadi inkişaf parametrlərinə, həyata keçirilən genişmiqyaslı tikinti, abadlıq, quruculuq işlərinin vüsətinə və səviyyəsinə, regionların sosal-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə görə ən çevik və təşəbbüskar regiona çevrilib.
Bölgənin hər yerində, eləcə də Şərur rayonunda sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı və xidmət sahələrinin inkişaf etdirilməsi, infrastrukturun təkmilləşdirilməsi, yeni istehsal və emal müəssisələrinin yaradılması sahəsində ciddi və əsaslı tədbirlər həyata keçirilir, sosial-iqtisadi inkişafın artım templəri yüksələn xətt üzrə inkişaf edir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Aparılan səmərəli və məqsədyönlü işin nəticəsidir ki, son illər yüzlərlə vətəndaşımız yeni iş yerləri ilə təmin olunub, onların maddi rifah halı və sosial vəziyyəti daha da yaxşılaşıb.
Qeyri-məşğul əhalinin məşğulluğunu təmin etmək və sosial müdafiəsini yaxşılaşdırmaq üçün ötən ildə də bir çox işlər görülüb. Əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 516 yeni iş yeri yaradılıb ki, bunun da 505-i daimidir.
İl ərzində qeydiyyatda olan işaxtaranlar, xüsusilə də gənclər dövrün tələbinə uyğun olaraq peşə hazırlığına yiyələnmək üçün Naxçıvan Regional Peşə Tədris Mərkəzinə göndərilib. Müvafiq kurslardan keçənlərin əksəriyyəti daimi işlə təmin edilib.
İşaxtaran və işsiz vətəndaşlara iş tapmaqda, işəgötürənlərə isə ixtisaslı kadrların seçilməsində köməklik göstərmək məqsədi ilə 3 dəfə əmək yarmarkası keçirilib. Həmin tədbirlərdə 119 nəfər işsiz vətəndaş daimi iş yeri əldə edib, 58 nəfər ictimai işlərə cəlb olunub, 23 nəfərə özünüməşğulluğun təmin olunması üçün yanında balası olan inək verilib.Eyni zamanda, muxtar respublika səviyyəsində keçirilən təhsil və səhiyyə yarmarkalarında da işaxtaranların daimi işlə təmin olunması üçün müvafiq tədbirlər həyata keçirilib.
“Şərurun səsi” qəzeti