Bu il Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə Cəlil Məmmədquluzadənin 150 illiyinin muxtar respublikada qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq edib. Məqsəd öz zəmanəsinə güzgü tutmağı bacaran, Azərbaycan ədəbiyyatında satiranı dünya səviyyəsinə qaldıran Mirzə Cəlil yaradıcılığının davamlı olaraq tədqiqi və təbliğidir.
NUHÇIXAN dahi ədibin Bizim “obrazovannılar” felyetonunu təqdim edir:
Mənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:
- Haradan gəlirsən?
O mənə belə cavab verir:
- Ya xodilna poçtu. (Mən poçta getmişdim.red)
Deyirəm:
- Dünən niyə bizə gəlmədin?
Cavab verir:
- K nam prişli qosti.(Bizə qonaq gəlmişdi. red)
Deyirəm:
- Yaxşı, qonaqlar gedəndən sonra gələydin!
Cavab verir:
- Net, uje bılo pozdno. (Yox, çox gec idi. red)
Deyirəm:
- Söz verirsən ki, sabah gələsən, bir az söhbət edək?
Cavab verir:
- Postarayus, no slovo ne dayu. (Çalışaram. Amma söz vermirəm. red)
Deyirəm:
- Xudahafiz!
Cavab verir:
- Do svidaniya! (Görüşərik. red)
Amma dostumun bir şeydən xəbəri yoxdur: xəbəri yoxdur ki, mən də rusca bir az danışa bilirəm!..
Axırı bir gün dostumdan soruşdum:
- Mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki, otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun? Nə səbəbə sən mənlə heç müsəlmanca danışmaq istəmirsən?
Yoldaşım mənə rus dilində belə cavab verdi:
- Sluşay, kak-to stıdno koqda obrazovannıy çelovek po tatarski qovorit!.. (yəni obrazovannının müsəlmanca danışmağı eyibdir!).
- Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim!..
Deyirlər ki, həmin mənim rəfiqim rus şkolunda oxuyan vaxt bir gün anasına deyib:
- Ana! Pajaluysta, mənə bir şey svarit elə! (yəni bişir!).
Anası cavab verib:
- Bala, nə dedin?
Rəfiqim cavab verib:
- Ox, ox! Siz heç bir zad qanmırsınız! Mən deyirəm: bir zad bişir.
- Bala, nə bişirim?
- Çort yeqo znayet!.. Yadımdan çıxıb... Yumru olur, əti döyüb salırlar çölməyə, ya qazana... Bir cür adı var...
- Bala, küftə deyirsən?
- Hə...hə... qofta, qofta!
“Molla Nəsrəddin”, 14 aprel, 1906, N 2.