Respublikamızın əsasən qərb bölgəsində yetişən xurma bir çox insanlar tərəfindən sevilə-sevilə yeyilən meyvə olmaqla yanaşı, son dövrlərdə xarici ölkələrə ixrac olunan və ölkəmizə valyuta gətirən əsas meyvələrdəndir. İstehlakçılar xurma bitkisini dadına və şirinliyinə görə ləzzətlə yesələr də, onun tərkibindəki maddələrin zənginliyindən və bir çox xəstəliklərin müalicəsində əla vasitə olması haqqında tam bilikli deyillər.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a müsahibəsində xurmanın faydaları, bu meyvə ilə qidalanma və onun müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışıb.
Zəngin tərkibə malik xurma meyvələrində su, quru maddə, şəkərlər, polifenol, yağlar, karotin, yod, üzvi turşular, zülali maddələr, likonin və C vitamini olur. Həmçinin 100 qram meyvədə sortlar üzrə müxtəlif miqdarda elementlər, o cümlədən alüminium, barium, mis, xrom, dəmir, nikel, silisium, vanadium, fosfor, maqnezium, natrium, kalium, kalsium və sair vardır.
Qurudulmuş meyvələrdə daha çox quru maddə, şəkərlər, üzvi turşular, dabbaq maddələri və sair olur.
Xurma meyvələrindən həm təzə, həm qurudulmuş, həm də emal olunmuş şəkildə istifadə edilir. Onlardan müxtəlif cemlər, mürəbbə, povidlo, pastila hazırlanır, unlu xörəklərdə içdoldurma (naçinka) üçün işlənir.
Xurma meyvələri böyük pəhriz və müalicəvi əhəmiyyətə malikdir. Tibdə xirnik meyvələrindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzlərin müalicəsində və triotoksikoz (zobdan yaranmış zəhərlənmələr) xəstəliyi zamanı istifadə edilir. Azərbaycan əczaçılarının (Orucov İ.M., Əliyev R.K. 1965-ci il) xurma meyvələrindən aldıqları şirə (Sukdioskakil) zobdan yüngül və orta dərəcədə zəhərlənmələrə qarşı geniş istifadə edilir.
Xirnik meyvələri büzüşdürücü, canlandırıcı xüsusiyyətlərə malik olmaqla yanaşı, eyni zamanda, orqanizmin soyuqlamaya və mikroba davamlı olmasını təmin edir. O, həmçinin dəriyə müsbət təsir göstərir.
Xurma meyvələri müxtəlif mədə-bağırsaq xəstəlikləri, angina, qanazlığı, damağın müxtəlif mənşəli xəstəlikləri, qan dövranının pozulması, böyrək, öd yollarının xəstəlikləri, halsızlıq, vərəm, sinqa, isitmə, qadın xəstəlikləri ilə müalicədə mübarizə vasitəsi kimi istifadə olunur. Bu məqsədlə təzə, qurudulmuş və dondurulmuş meyvələrdən istifadə edilə bilər.
Xurmanın lətini qabığı ilə bərabər irinli yaraların üzərinə qoyduqda onlar tez sağalır.
Xurma şirəsi orqanizmi təmizləyici xüsusiyyətə malikdir. O, antibakterial xüsusiyyətli olduğundan bağırsaq çöplərini və qızılı stafilokoku məhv edə bilir. Hələ qədimdən həkimlər xurma şirəsini qan azlığı, halsızlıq, vərəm, soyuqlamadan baş vermiş xəstəliklər, qadın xəstəlikləri, sinqa, isitmə, həmçinin orqanizmin zəiflədiyi hallarda istifadə edirdilər. Şirə yeməkdən qabaq 1/4-1/2 stəkan olmaqla bir qaşıq bal ilə qarışdırılıb içilir. Qatılaşdırılmış xurma şirəsi (lətlə birlikdə) hipertoniya, qanazlığı, yuxarı tənəffüs yollarında selikli qişanın iltihabı zamanı faydalı sayılır.
Xurma şirəsi almaq üçün meyvələr əvvəlcə 12-15 saat müddətində 30-40 dərəcə C temperaturu olan suda saxlanılır. Büzüşdürücülüyünü itirmiş belə meyvələr şirə çəkmək üçün hazır olur.
Qatılaşdırılmış xurma şirəsi (lətlə birlikdə) hipertoniya, qanazlığı, yuxarı tənəffüs yollarında selikli qişanın iltihabı zamanı qəbul edilir.
Şəkərli diabet xəstələrinə (saxaroza çox olduğundan) xurma yemək məsləhət görülmür.