Hər fəslin öz gözəlliyi var. Ətrafa bəyazlıq bəxş edən, dağları, düzləri ağ yorğanına bürüyən qışın insana bəxş etdiyi zövq tam başqadır. Hər yan ağ örpəyə bürünəndə elə hiss edirsən ki, rəssamın əli ilə çəkilmiş bir tablo qarşısında dayanmısan. Dədə-babadan ilin üç fəsli məhz qış üçün hazırlıq dövrü sayılıb. İlin doqquz ayı çəkilən zəhmətin bəhrəsi qış dövrü üçün saxlanılır, evə qış mövsümündə lazım olan ehtiyat tədarük olunur. Özünəməxsus milli mətbəxi, məişət qayğıları ilə seçilən bu fəsildə kənd əhalisinin işi tamamilə ayrı cür olur. Müasir dövrümüzdə yenilənən həyat şəraiti kəndlərimizdən də yan keçməyib. Hər cür şəraitlə təmin olunan kənd evləri şəhər evlərindən heç də geri qalmır. Müasir tələblərə cavab verən evlər mavi yanacaqla qızdırılır. Soyuq havada çöl-bayırda işləyənlər evə dönəndə heç bir məişət qayğısı ilə rastlaşmırlar. Evə daxil olan kimi bir stəkan isti çay onların yorğunluğunu yaddan çıxarır. Ta qədimdən ailələrimizdə olan mehribançılıq, bir-birinə hörmət ailə birliyinin əsas amili olub. Ailəni səmimi, bir-birinə mehriban edən evin böyükləri olub. Həmişə onların məsləhətlərinə ehtiyac duymuşuq. İndi də evlərimizdə ağbirçək nənələrimizin məsləhətləri bizə örnəkdir.
Ləkətağ kəndində yaşayan Zübeydə Sadiqova xalqımızın adət-ənənələrinə sadiq olan ağbirçəklərimizdəndir. 80-dən artıq yaşı olan Zübeydə ana bu yaşında da ailəsinin qayğısına qalır, ağıllı məsləhətlərini onlardan əsirgəmir. O deyir:
- Geniş həyətimiz, mal-heyvanımız, çoxlu arı pətəklərimiz var. Evimizi özümüz əldə etdiyimiz gəlirlərlə dolandırırıq. İndiki qız-gəlinə məsləhət görürəm ki, dözümlü olsunlar, çətinlikdən qorxmasınlar. Qadın evinə-ailəsinə nə qədər bağlı olsa, ailədə birlik, mehribanlıq olar. Böyük sözünə qulaq asanlar peşman olmazlar. İnsan dürüst olmalıdır. Sözü ilə əməli bir-birini tamamlamalıdır. Qızlarımın, gəlinlərimin özləri də qayınanadırlar. Sağ olsunlar, sözümü eşidirlər. Onların xoşbəxtliyinə sevinirəm.
Əlincə kəndində yaşayan Gülgəz ana da ömrünü zəhmətlə yaşayıb:
- Bizim cavan vaxtlarımızda qış gecələri qonşular bir-birinə gedər, söhbət edərdilər. Uşaqlarımız bizdən nə görsələr, həyatlarını elə yaşayacaqlar, "Yaxın qonşu uzaq qohumdan yaxşıdır",-deyib babalarımız. Çətin günümüzün sahibi qonşularımızdır. Mən uşaqlarıma, yaxınlarıma məsləhət bilirəm ki, işləsinlər, işdən qorxmasınlar. İşləsələr, həm özləri sağlam olar, həm də gün-güzəranları yaxşı keçər. İnsan gələcək günü haqqında fikirləşməlidir. Nə qədər yaxşılıq etsən, yaşlaşanda onun əvəzini övladların sənə qaytaracaq. Yazda, yayda, payızda adamın başı işə qarışır. Elə bil qış gecələri səmimi söhbət, səmərəli istirahət üçün yaranıb. Birlikdə edilən söhbətin nəticəsi də yaxşı olur. Çox şeyləri söhbət edə-edə bir-birimizdən öyrənirik.
Məleykə Hacıyeva Ərəfsə kəndində yaşayır. El adətlərinə ehtiramla yanaşır. Qış gecələri nəvələrini başına yığır, onları yayda qurutduğu meyvələrə, qovurduğu qovurğaya qonaq edir, qoz, fındıq sındırır. Uzun qış gecələrində nəvələrlə edilən söhbət ona zövq verir:
-Qış gecələri nəvələrimlə söhbətdən doymuram. Görüb-eşitdiklərimi onlara danışıram. Evdə 5 nəvəm var. Qız nəvələrim mənim ən yaxın köməkçilərimdir. Qış gecələri ələ düşməz. Qış yeməkləri haqqında onlara məlumat verirəm. Evimizdəki cehiz xalçamın toxunması, qurudun çanaqda-əngənədə əzilməsi, toxuculuqdan, naxışlar haqqında onlara danışıram. İstəyirəm ki, nəvələrim bizim milli adətlərimizi dərindən öyrənsinlər.
El ağbirçəklərinin sözlərini dinlədikcə qürur hissi keçirirsən. Hər zaman onların məsləhətləri bizə fayda verib, dar gündə köməyimizə çatıb. Uzun qış gecələrində isti soba yanında deyilən hər bir söz ruhumuzu isidir, bizi həyata bağlayır.
Tərlan Məhəmmədqızı
“Arazın səsi” qəzeti