Təmiz ekologiya günümüzün aktual məsələsidir

A- A A+

Təmiz ekoloji mühitin yaradılması və qorunması bütün bəşəriyyəti düşündürən əsas, həlli vacib məsələlərdən biridir. Ekologiya təbiəti mühafizə, torpağı, suyu, havanı, deməli, bütün həyatı çirkləndirən, zərərli tullantılardan mühafizə etmək kimi vacib və günümüzün aktual məsələlərindəndir.

Ana təbiət gözəlliyin ən qədim, ən geniş mənbəyi hesab olunur. Baxdıqca qürur duyduğumuz ağ çalmalı dağlar, gur axarlı çaylar, salxım söyüdlər, qocaman palıdlar, xan çinarlar, bol meyvəli bağlar zaman-zaman nəsillərin varlığında estetik duyumlar oyadıb, onlarda gözəllik hislərini formalaşdıran vasitəyə çevrilib. Təbiətin özü gözəlliyi duymaqda, onu dərk etməkdə qeyri-adi "müəllimdir".

Bu gün ölkəmizdə ümummilli lider Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi nəticəsində əmin-amanlıq yaranıb, daxili sabitlik və təbiətimizin qorunması üçün qayda-qanun yaradılıb. İnsanlar da bilir ki, qayda-qanun və təbiətə məhəbbət olan yerdən xeyir-bərəkət üzülməz.       Doğma Naxçıvanımızın bərəkətli torpağının nələrə qadir olduğu hamıya məlumdur. Bu torpaqda nə əkilirsə, bol-bol ruzi verir. Nələr yetişmir bu torpaqda. İnsan əlinin, zəhmətinin nəticəsində bu gün Naxçıvan torpağı daha da gözəlləşir, yaşıllığa bürünür. Aparılan abadlıq və quruculuq tədbirləri nəticəsində qədim Naxçıvan torpağının hər guşəsində möcüzə ilə rastlaşırsan. Salınan abad yollar, onun bəzəyinə çevrilən yaşıllıqlar əsl möcüzədir, ruhun qidasıdır. Bunu yaradan isə Naxçıvanın əməksevər insanlarıdır. Bu möcüzələri gördükcə belə qənaətə gəlirsən ki, cənnəti yerdə də yaratmaq mümkündür. Bunun üçün təbiətə övlad qayğısı lazımdır.

Biz təbiətə qayğı göstərməklə öz həyatımızı qoruyur, ömrümüzü uzatmış oluruq. İndi dünyanın müxtəlif ölkələrindən Naxçıvanımıza, o cümlədən rayonumuza xeyli sayda qonaqlar gəlir. Onlar yurdumuzun gözəl mənzərələrini, təbiətini görəndə, dağlarını seyr edəndə buna ilahi bir möcüzə kimi baxdıqlarından, bu gözəlliyə xələl gətirməyə bizim haqqımız yoxdur.

Təbiətə qayğı ulularımızdan bizlərə mirasdır. Bu nəcib əməlləri yaşatmaq və gələcək nəsillərə çatdırmaq üçün hər birimiz örnək olmalı, təbiətin qoynunu müxtəlif məişət tullantıları ilə çirkləndirməməliyik. Buna yol verənləri isə tərbiyə etmək üçün  ictimai qınaqla tənbeh etmək lazımdır.  

Ekologiyamızın saflığı hamımızı düşündürməlidir. Özünə hörmət edən, ömrünü uzatmaq istəyən hər kəs təbiətimizi qorumalı, şəhər və  kəndlərimizi çirkləndirən insanlarla mübarizə aparmalıdır. Bu, günümüzün aktual məsələləridir. Hər birimiz bu məsələdə fəallıq nümayiş etdirməliyik.

 

Ədalət Cəfəroğlu

“Arazın səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: