Yaddaşlara həkk olan ilk müraciət -"Danışır Bakı!" ilə xatırlanan Azərbaycan Dövlət Radiosu 6 noyabr 1926-cı ildə yaradılıb. Fəaliyyətinə 98 ildir davam edən Azərbaycan Dövlət Radiosunun hazırda 3 proqramı və 1 səsyazma evi mövcuddur. Radio (indiki adı ilə Radio Respublika) 105 FM dalğasında yayımlanaraq ictimai-siyasi proqramlar, ədəbiyyat və incəsənət, baş proqramlar direksiyası, musiqi verilişləri, təhsil və elmi-kütləvi proqramlar, Beynəlxalq Azərbaycan radiosu, xalq yaradıcılığı, gənclik və idman, uşaq verilişləri, xəbərlər, rejissorlar qrupu, direktorlar şöbəsi, xarici dil yayım şöbəsi ilə fəaliyyət göstərir.
Uzun keşməkeşli yol qət edən Azərbaycan radiosunun yaranması və bu günümüzə qədər gəlib çıxması böyük mərhələlərdən keçib. Qeyd edilir ki, 1925-ci il aprelin 22-də Azərbaycan Xalq Komissarları Soveti Bakıda əhatə dairəsi 600 kilometr olan geniş yayımlı radio verilişləri stansiyası tikməyi qərara alıb. 1928-ci il mayın 13-də Azərbaycan Xalq Komissarları Soveti radionun əsasnaməsini təsdiq edib. 1932-ci ilin aprelində radio yayımı orqanı Mərkəzi İcraiyyə Komitəsindən alınaraq Xalq Komissarları Sovetinin tabeliyinə verilib. 1932-ci il iyulun 5-də Azərbaycan MİK Radio Yayımı üzrə Mərkəzi Komitənin yaradılması barədə qərar qəbul edilib. 1933-cü il mayın 5-də Azərbaycan Xalq Komissarları Soveti yanında Radiolaşdırma və Radio Verilişləri Komitəsi yaradılıb. 1939-cu ilin avqustunda Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinə çevrilib. 1953-cü ildə Radioinformasiya Komitəsi Mədəniyyət Nazirliyinin tabeliyinə verilərək Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsi adlandırılıb. 1957-ci ildə Radioinformasiya İdarəsi və Bakı Televiziya Studiyası birləşdirilərək Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsi yaradılıb. 1970-ci ildə Dövlət Radio və Televiziya Verilişləri Komitəsi təsis edilib. 1991-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi şirkətə çevrilib. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
RV-47-dən beynəlxalq yayıma tarixi yol qət edən Azərbaycan Radiosu…
Diqqətə çadıraq ki, radio RV-47-dən beynəlxalq yayımadək böyük bir yol keçib. Burada Proqramlar zəif sayılan RV-47 stansiyası vasitəsilə yayımlanıb. 1929-cu ildə Bakı Baş Poçt-Teleqraf binasına radiostansiya köçürülüb. Həmin ilin sonuna yaxın RV-8 stansiyası istifadəyə verilib. Bundan sonra efirə gedən verilişlərin və proqramların forma və məzmununda yeniliklər baş verib.
Qeyd edilib ki, 1920-1925-ci illərdə Bakıda təkcə 1 ədəd 10 kilovat gücündə qığılcımlı stansiya işləyib. Radionun fəaliyyət göstərməsindən bir il sonra respublikada artıq 110 stasionar və 36 səyyar radio qurğusu fəaliyyət göstərməyə başlayıb. 1930-cu ildə ölkədə cəmi 269 radioyayım məntəqəsi olduğu halda, 1932-ci ilin sonunda onların sayı 20409-a çatıb. Həmin dövrdə radio artıq mənzillərə, fəhlə klublarına ayaq açaraq xalqın maariflənməsi və mədəniyyətin inkişafında özünəməxsus rol oynamağa başlayıb. 1933-cü ildə Azərbaycan radiosunun gündəlik verilişlərinin həcmi 8 saata çatıb. Bu dövrdə texniki vasitələrin inkişafı Azərbaycanın ucqar kənd və rayonlarının sakinlərinə də radioya qulaq asmaq imkanı yaradıb.
Bakıda 1936-cı ildə 35 kilovat gücündə yeni radio stansiyasının işə salınması ilə Azərbaycan radiosunun verilişləri Qafqazda, Özbəkistanda, Türkmənistanda, hətta Qara dənizin şərq sahillərində eşidilməyə başlayıb. Daha da geniş əraziyə səsini duyuran Azərbaycan radiosu 1940-cı ilin sonunda radio nöqtələrinin sayını 51 minə çatıdırıb. Bununla bərabər, 32 rayonda yerli radio verilişləri redaksiyaları fəaliyyətə başlayıb. 1960-cı ilin noyabrında Bakı-Ağstafa radiorele xətti istifadəyə verilib. 1961-ci ildə ötürücü stansiyalar Gəncə, Göyçay və Şuşada işə düşüb.
Bu sahənin fədakar insanları…
Qeyd edək ki, Azərbaycan radiosu yaranmasında fədakarlıq edən insanları unutmaq olmaz. İlk azərbaycanlı diktorlar - Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub. İsmayıl Əlibəyov baş diktor vəzifəsində, Raya İmanzadə və Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov, Zülfüqar Hacıbəyov isə radioda diktor kimi fəaliyyət göstəriblər. Həmin dövrdə məşhur şair Hüseyn Natiq, həkim Səməd Səmədov, hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışıblar. Həmçinin radioda - Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar da fəaliyyət göstəriblər.
Qeyd edək ki, tanınmış şəxsiyyətlərin də həmin dövrdə radio ətrafında cəmləşməsi artıq ənənəyə çevrilib. Həftədə bir dəfə axşam saat 9-da onların mikrofon qarşısında çıxışı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Həmin şəxslərdən bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və sair mütəmadi olaraq radioda çıxış edirdilər. Efirdə "Satira atəşilə", "Ədəbiyyatın vəzifələri", "Yeni həyat uğrunda", "Radio saatı" kimi verilişlər səsləndirilirdi.
1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olunur. Həmin dövrdə radio verilişləri bəstəkarın bəstələdiyi "RV-8" radio marşı ilə başlayırdı. Bu məşhur əsər 1929-cu ilin sonunda işə salınan RV radiostansiyasına həsr edilib. 1932-ci ildə Müslüm Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail olur. Bununlada orkestr radionun musiqi proqramlarının inkişafına böyük təsir göstərir. Bir neçə il fəaliyyət göstərən orkestr vasitəsilə Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Əşrəf Abbasov, Ağabacı Rzayeva, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Nəriman Əzimov kimi bəstəkarlar və çoxsaylı musiqiçilər radiodan böyük yaradıcı həyata qədəm qoyurlar.
Azərbaycan Radiosunda o zamanın məşhur incəsənət xadimlərindən - Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Keçəçi oğlu Məhəmməd, Seyid Şuşinski, Hüseynağa Hacıbababəyov, Hüseynqulu Sarabski, Bülbül, Qurban Pirimov, Niyazi, Səltənət Qacar, Zülfü Adıgözəlov, Zülfüqar Sarıyev, Əlövsət Sadıqov, Yavər Kələntərli, Cahan Talışinskaya, Cəvahir Firudinbəyli, Əhməd Bakıxanov, Bəhram Mansurov, Teyyub Dəmirov, Əhəd Əliyev, Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestri çıxış edirdi. Radioda "Çahargah gecəsi" adlı muğam konserti təşkil olunur. Konsertdə xanəndələr, artistlər, tarzənlər, kamançaçılar və başqaları iştirak edirdilər. İki saata qədər davam edən konsertdə "Çahargah"ın "Bəstənigar", "Hisar", "Müxalif", "Mənsuriyyə", "Hüzzal" şöbələri və onlara uyğun təsniflər ifa edilirdi.
Qeyd edilir ki, həmin dövrdə radionun ədəbi verilişlər redaksiyasına rəhbərlik edən Məmməd Səid Ordubadi radio üçün şeir, hekayə, felyetonlarla yanaşı, tamaşalar da yazırdı. Ordubadinin təşəbbüsü ilə radionun diktorlarından ibarət dram dəstəsi yaradılır. Soltan Nəcəfov, Leyla Terequlova, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani və Nina Petrova bu dəstənin fəal üzvü idi.
Radioda Məmməd Səid Ordubadinin "Aprel gəlini", "İstiqraz", "Çobanlar", "6 nömrəli otaq", Soltan Nəcəfovun "Təchizat parazitləri", "Rot-front", "Orucunuz qəbul!" və "Din tacirləri" kimi səhnəciklərinə efir həyatı verilib. Artıq 1920-ci ilin sonunda bütün radio məhsulunun üçdə biri bədii verilişlərdən ibarət idi. Radio fəaliyyəti dövründə görkəmli nasir və şairlərimizin sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, yad təsirlərdən qorunmasına xidmət edib.
Bəli, xalqımızın maariflənməsi yolunda misilsiz xidmətləri olan Azərbaycan Radiosunu bu gün 98 yaşında xatırlayaraq onun müasir günümüzə gəlib çıxmasında misilsiz xidmətlərinə qısa da olsa, nəzər yetirdik. Və bu tanışlıq böyük məmnunluq və fəxr hissi yaşatdı.
Bu gün Azərbaycanda qeyd edilən Radio və Televiziya İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə peşə sahiblərini təbrik edir və bu tarixi yolun davamçıları olan həmkarlarıma işlərində uğurlar arzulayıram.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı