Naxçıvanda “2024-2025-ci illər üçün Ekoloji Təhsil” layihəsinin icrasına başlanılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə “2024-2025-ci illər üçün Ekoloji Təhsil” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində ilk təlim Culfa rayon Əbrəqunus, Kırna, Bənəniyar və Qızılca kəndlərindən olan müəllim və şagirdlərin iştirakı ilə Əbrəqunus kənd tam orta məktəbində təşkil olunub.
Şagirdlərlə qarşılıqlı müzakirə şəklində davam edən tədbirdə ətraf mühitin qorunması, tullantıların düzgün idarə olunması, təkrar emalı və enerji səmərəliliyi haqqında məlumatlar verilərək, onlara ekoloji biliklərin artırılması məqsədilə videoçarx nümayiş etdirilib.
Mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda tədbir iştirakçılarına həmişəyaşıl ağac tingləri paylanılıb və həmin tingləri məktəbin həyətində əkiblər.
Qeyd edək ki, layihə müddətində Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində müxtəlif yaş qrupları üzrə yeni metodlarla seminarlar, təlimlər, müsabiqələr təşkil olunacaq.