Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq Şərur rayonunun 8, Babək rayonunun 5, Şahbuz rayonunun 5, Culfa rayonunun 4, Ordubad rayonunun 3, Kəngərli rayonunun 3 bələdiyyəsinin torpaqların qida maddələri ilə təmin olunmasına dair yeni kartoqramları hazırlanıb, torpaq mülkiyyətçiləri ilə maarifləndirici tədbirlər aparılıb.
Naxçıvan şəhərinin Heydər Əliyev prospektində və 26 küçədə ünvanlar dəqiqləşdirilib, Əziz Əliyev, Cəlil Məmmədquluzadə və Atatürk küçələrində yeni ünvan lövhələri və giriş nömrə nişanları quraşdırılıb. İl ərzində yeni yaranmış 665 daşınmaz əmlak obyektinə ünvan verilib.
“Naxçıvan Muxtar Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 02 aprel tarixli Fərmanına müvafiq olaraq müxtəlifmiqyaslı plan və kartoqrafik materiallar, bələdiyyə xəritələri elektron variantda hazırlanaraq Komitənin elektron məlumat bazasına yığılıb.
İl ərzində Naxçıvan şəhəri və ətraf yaşayış məntəqələrində, Şərur rayonunun 34, Babək rayonunun 2 yaşayış məntəqəsində daşınmaz əmlak obyektlərinin plana alınması başa çatdırılıb. Muxtar respublika üzrə 20591 daşınmaz əmlak obyekti plana alınıb.
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində 157 daşınmaz əmlak obyekti plana alınıb. Ötən il ərzində muxtar respublika üzrə 5388 daşınmaz əmlak obyekti qeydiyyata alınıb , 4056 texniki sənəd hazırlanıb. 833 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. 153 əmlak real bazar dəyərinə uyğun qiymətləndirilib, 1490 əmlakın bazar dəyəri məlumat bankına daxil edilib. 93 yaşayış məntəqəsində vətəndaşlara səyyar xidmət göstərilib, 743 müraciətə baxılıb.
Culfa rayonu üzrə 2, Babək rayonu üzrə 26 bələdiyyənin sərhəd xəritələri və müvafiq yer quruluşu sənədləri hazırlanaraq aidiyyəti üzrə göndərilib. Şərur rayonu üzrə 25 bələdiyyənin sərhəd xəritələri və müvafiq yerquruluşu sənədləri hazırlanıb. Şahbuz və Sədərək rayonları üzrə bütün bələdiyyələrin, Qaraxanbəyli, Qaraçuq və Tumbul bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron kadastr xəritələri hazırlanıb.
Muxtar respublikanın rayonlarında və Naxçıvan şəhərində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqlardan qanunsuz istifadə ilə bağlı 123 fakt aşkar edilib. Aşkar edilən faktlardan 113-ü qanunvericiliyin tələblərinə uyğun aradan qaldırılıb, 10 vətəndaşa xəbərdarlıq edilib. Torpağın münbit qatının korlanmasına görə iki fiziki şəxs barəsində inzibati protokol tərtib olunub.
Daşınmaz əmlakın qeydiyyatı sistemi təkmilləşdirilməklə elektron çıxarışların tərtib olunması təmin edilib. Hesabat dövründə hüquqların dövlət qeydiyyatına alınması üçün Komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi elektron xidmətlərdən 406 müraciət daxil olub və icra edilib.