COP29 çərçivəsində iqlim maliyyələşdirilməsi imkanlarına həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa təşkil olunub - FOTOLAR

A- A A+

COP29 Dünya Liderləri Sammiti çərçivəsində “İqlim maliyyələşdirməsi imkanları - dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib.

NUHÇIXAN xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil edilən tədbir dünya liderləri, beynəlxalq maliyyə institutları və çoxtərəfli inkişaf banklarının iştirakı ilə iqlim maliyyələşməsi və qlobal iqlim fəaliyyətinin gələcək perspektivlərinə həsr olunub. Tədbirdə COP29 çərçivəsində iqlim maliyyələşməsi üçün ortaq məxrəcin əldə olunması və Paris Sazişinin məqsədlərinə çatmaq üçün maliyyə razılaşmasının əhəmiyyəti diqqət mərkəzində dayanıb.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev çıxışında iqlim maliyyələşdirilməsi mövzusunun əhəmiyyətini vurğulayıb və bildirib ki, hazırda 1,5 dərəcə hədəfinə nail olmaq üçün lazım olan iqlim maliyyələşdirməsini bütün maraqlı tərəflərlə müzakirə etmək imkanı yaranıb: “COP29 Sədrliyi müzakirələrin uğurla yekunlaşması üçün artıq uzun müddətdən bəri bütün tərəflərlə iş aparıb. Onların bir ortaq fikrə gəlməsi üçün indi uğurlu fürsət yaranıb. Hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər.

İqlim maliyyələşdirilməsini necə daha effektiv etmək barədə fikirlərinizi və daha geniş maliyyə arxitekturasına töhfə vermək üçün konkret planlarınızı eşitməyi səbirsizliklə gözləyirik”.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında bildirib ki, müasir dünyada hər il yaşıl texnologiyalara ayrılan vəsaitlər artsa da, bu, iqlim dəyişikliklərinə qarşı yeganə cavab ola bilməz. Beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, yaşıl iqlim hədəfləri istiqamətində səylər birləşdirilməlidir. Bunun üçün, həmçinin qlobal maliyyə arxitekturası da yaradılmalı, yeni maliyyə resursları iqlim maliyyələşməsinə yönəldilməlidir.

Dünya Bankının prezidenti Acay Banqa və Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çıxışlarında çoxtərəfli inkişaf banklarının ətraf mühitin mühafizəsi üçün həyata keçirdikləri proqramlar, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişmələrinin yaratdığı fəsadlarla mübarizə üçün aparılan işlərdən danışıblar. Qeyd edilib ki, bu istiqamətdə təkcə maliyyə ayırmaq kifayət deyil, eyni zamanda, ölkələri iqlim böhranı ilə mübarizədə hərtərəfli dəstəkləmək mühüm əhəmiyyət kəsb edir.

Dəyirmi masada müxtəlif ölkələrin yüksəksəviyyəli təmsilçiləri iqlim maliyyəsi ilə bağlı razılaşmanın vacibliyini vurğulayıb, emissiyaların azaldılması üçün səylərin gücləndirilməli olduğunu ifadə ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: