Yanğınsöndürənlərin taktiki-xüsusi təlimi təşkil edilib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan şəhər Xalçaçılıq kombinatında Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin Naxçıvan şəhər və Babək rayon şöbələrinin şəxsi heyətinin iştirakı ilə “İnzibati binalarda və neft çənlərində yanğınların söndürülməsi və xilasetmə işlərinin aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd yanğın ocağında kəşfiyyatın aparılması, yanğının həlledici istiqamətinin müəyyənləşdirilməsi, qüvvə və vəsaitələrin idarə olunması, qarşılıqlı fəaliyyətin təşkili, ehtimal olunan fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin cəld və çevik söndürülməsi ilə bağlı şəxsi heyətin peşəkarlığını artırmaqdır.
Taktiki-xüsusi təlim 6 təlim nöqtəsində mərhələli şəkildə təşkil olunub. Verilən tapşırıqlar peşəkarcasına və vaxtında yerinə yetirilib.
Təlim zamanı şəxsi heyətin təhlükəsizlik qaydalarına əməl etmələri diqqətdə saxlanılıb, qarşıya qoyulan tapşırıqlar uğurla başa çatdırılıb.
Təlimə Naxçıvan şəhər və Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələrindən ümumilikdə, 4 yanğınsöndürmə avtomobili, 1 yanğın avtonərdivanı və 45 nəfər şəxsi heyət cəlb olunub.