Onu tanıyanlar haqqında ürəkdolusu danışaraq "o, unudulmaz qəhrəmandır" - deyirlər. Peşəkar təyyarəçi olan vətənin igid oğul xidmətləri ilə bu gün hər bir gəncimizə örnəkdir. Haqqında məlumat verdiyimiz, Azərbaycanın Milli Qəhrəmanı Sergey Murtuzəli oğlu Murtuzəliyevdir.
O, 1963-cü il noyabr ayının 17-də Bakının Pirallahı qəsəbəsində dünyaya göz açıb. Orta təhsilini qəsəbədə başa vuran Sergeyin tək arzusu təyyarəçi olmaq olur. O, bu istəklə təyyarəçilər məktəbinə daxil olur. Məktəbi müvəffəqiyyətlə bitirən qəhrəman sonra təhsilinə Yeysk Ali Hərbi Aviasiya Məktəbində davam edir. Təhsilini başa vurub sevdiyi peşəyə sahib olan Sergey Murtuzəliyev əmək fəaliyyətinə Rusiyada başlayır. Bir müddət burada işlədikdən sonra vətənə qayıdan qəhrəman Kürdəmir rayonunda yerləşən hərbi aviasiya alayında xidmət edir. Polkovnik-leytenant rütbəsinəcən yüksələn Sergey Murtuzəliyev hərbi heyət arasında böyük hörmət qazanır. Burada xidməti dövründə köhnə təyarələri təmir edir və öz peşəsi üzrə gənc əsgərlərə təlimlər keçir.
Həmin dövrdə xain qonşumuz Ermənistan torpaqlarımıza təcavüzkar hücumlara başlamışdı. Bununla barışmayan qəhrəman Qarabağ bölgəsinin təhlükəsizliyini təmin edib, düşmən hücumunun qarşısını almaq üçün ilk uçuş edənlərdən biri olur. O, havadan düşmənin başına od ələyib, hər dəfəsində də çoxlu sərt uçuşlar edərək düşmən həmlələrinin qarşısını almağı bacarır. Onun peşəkarlığı sayəsində iki dəfə vurulan təyyarəni təhlükəsiz eniş edərək özü və yoldaşlarını xilas edir.
1993-cü il avqust ayının 3-ü…
Təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədən Sergey Murtuzəliyev qəzaya uğrayaraq şəhidlik zirvəsinə yüksəlir. Qəhrəman Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilir.
Vətən torpaqlarının qorunmasında şəxsi igidlik göstərən polkovnik-leytenant Sergey Murtuzəliyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 16 sentyabr tarixli 202 saylı Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Xatirəsi əziz tutulan qəhrəmanın büstü xidmət etdiyi Kürdəmir Hərbi Aviasiya Alayında qoyulub.
Səriyyə Salahova
Naxçıvan televiziyasının əməkdaşı