Qoy ədalət zəfər çalsın!
Ulu Öndər Heydər Əliyev 18 noyabr 1981-ci il tarixdə “Literaturnaya qazeta”nın xüsusi müxbiri Antonin Qriqoya xüsusi müsahibə vermişdir.
Ədalət dövlətin təməlidir! Bu fikir qərinələr keçsə belə bütün hüquqi dövlət quruluşlarında ədalət ucalığını göstərən ən ali ifadədir. Dövlətin cəmiyyətdə yaşayan bütün insanların bərabər sayıldığı, hər kəsə bərabər münasibət bəsləndiyi mövqeyidir. Ədalət, bütövlükdə, ədalətsizliyin aradan qaldırılmasında, cəmiyyətdəki problemlərin həllində, çətinliklərin qarşısının alınmasında çox mühüm yer tutur. Aristotel qeyd edirdi ki, ədalət ilkin dövlətdən gəlmədir. Çünki hüquq, dövlətin ictimai nizamıdır. İnsan cəmiyyətinin formalaşması ilə təməli qoyulan ədalət anlayışı ibtidai cəmiyyətlərdə mifoloji dünyagörüşünə görə tənzimlənirdi.
Ərəb dilindəki "ədl" sözündən olan, haqq, həqiqət, düzlük, bərabərlik, mürüvvət və insaf mənalarını ifadə edən “ədalət” sözü, mücərrəd anlayış olmaqla insanlar arasında mübahisəli məsələlərdə düzgün və qərəzsiz qərar verməkdir. Yəni ədalət əxlaqi-hüquqi, həmçinin sosial-siyasi şüur kateqoriyasına aiddir. Bu anlayış qədim filosofların düşüncələrində sosial səviyyədə müəyyən edilən əxlaqi dəyərlərdir.
İnsan düşünən bir varlıqdır və ədaləti də düşünərək yaradır. Ədalətli düşüncə dünyamızı təkmilləşdirir və hadisələrə daha geniş prizmadan baxır. Cəmiyyətdə baş verən hansısa hüquq pozuntusu ədalətlə araşdırılıb və uyğun normanı tətbiq edərək cəmiyyətdə ədalətin nizamı təmin olunur.
Tarixboyu ədalət haqqında irəli sürülən bütün mülahizələrdə qeyd olunur ki, kainat tam ədalətli bir nizamdır və bu nizam pozulsa, sistem məhvə məhkum olar. Qədim yunan və İslam fəlsəfəsində, habelə orta əsrlər xristian sxolastikasında ədalətin izahı qeyd etdiyimiz formada verilir. Qərb və Şərq fikir və fəlsəfə tarixində “Ədalət” (Justice) ən təməl mövzulardan biri, bəlkə də, birincisidir. İnsan azadlığı da məhz ədalətə çatmaq üçün tələb edir. Müsəlman fəlsəfəsində və İslam sxolastikasında “Ədl” Tanrının bir adı kimi təqdim edilir və adil mənasındadır. Yəni Tanrı adildir. Burada izah olunur ki, ədalət həddini bilməkdir. Elə bu səbəbdən də ədalət məsələsi tarixboyu filosofların, fikir adamlarının aktual olaraq diqqət mərkəzində olub. Qədim yunan fəlsəfəsində ədalət ən təməl fəzilət (virtue) kimi verilirdi.
Biz ədalətin bu xüsusiyyətini dəyər və fəzilətlərdən biri kimi görürük. Məşhur roma hüquqşünası Ulpian ədaləti daimi və sonsuz səy kimi təsvir etmiş, onun fikrincə isə, ədalət, ləyaqətli yaşamaq, başqasına zərər verməmək, hamıya haqqını verməkdir. Hüquq nəzəriyyəsində hər kəsin payını vermək kimi xarakterizə edilən bu yanaşmanın daimi effektivliyə malik olduğu bilinməkdədir.
Görkəmli yunan filosofu Sokrat ədaləti “sözə sədaqət” formulunda qiymətləndirərək qeyd edirdi ki, qanunilik və ədalətlilik eyni şeylərdir. Bəli, ədalətin mövcudluğunun əsas şərti cəmiyyətdə təhlükəsizliyin və asayişin təmin edilməsidir. Ədalət olmayan yerdə ictimai həyatda ədalətdən söhbət gedə bilməz. Sokrat ədalət məfhumu haqqındakı fikrinin qısa izahını belə verir: Ədalət hər bir kəsin öz işi ilə məşğul olması və ona aidiyyəti olmayan məsələlərə qarışmamasıdır. Bu da özlüyündə maraqlı bir tarixi yanaşmadır.
Qədim yunan filosofu Platon da ədaləti ictimai həyatın əsl prinsipi hesab edirdi. Onun üçün ədalət yaxşılıq, həmçinin qanunlara tabe olmaq üçün istək, arzu demək idi. O yazırdı ki, ədalət ən yüksək fəzilətlərdən biridir. Ona görə ədalət cəmiyyətin müxtəlif təbəqələrini, hər bir təbəqənin ayrı-ayrı fərdlərini və fərdin ruhunda olan müxtəlif elementləri lazımi sərhədlər daxilində saxlayan müdaxilə etməmək prinsipidir.
Konkret reallığa əsaslanan ədalətin ən mühüm tərifi isə Aristotel tərəfindən verilmişdir. Ona görə ədalət bərabərliyə əsaslanmalı və ictimai həyatın məntiqiliyi olmalıdır. Onu insanlar arasında sosial baxımdan bütün nizamlanmış münasibətlərin əxlaqi meyarı, ictimai işlərdə son əxlaqi-istinadedici instansiya kimi müəyyənləşdirmək mümkündür. Onun üçün ədalət hər kəsə haqq etdiyini onun layiq olduğu dərəcədə verməkdir. O, ədalət mövzusu ilə məşğul olarkən özünün rəsmi olaraq təsdiq etdiyi aşağıdakı tərifləri verir: Ədalət insanlara düzgün, ədalətli olanı etməyə və doğru, ədalətli şeylər istəməyə imkan verən xasiyyətdir.
Qədim roma mütəfəkkiri Siseron isə qeyd edir ki, ədalət bütün fəzilətlərin ən alisi və dəyərli insanların sahib olduqları ən şərəfli tacdır. Ədalət, faydalılıqdan ayrı ola bilməz. O hər kəsə xidmətlərinə görə verilən əvəzdə bilinir. Ədalətdən uzaq olan bilik müdriklikdən çox diribaşlıq adına layiqdir. Ədalətin iki başlanğıcı mövcuddur: heç kəsə ziyan vurmamaq və cəmiyyətə xeyir vermək. Ədalətsizliyin mənbəyi zorakılıq və yalandır. O həmçinin qeyd edirdi ki, həddindən çox ədalət həddindən böyük ədalətsizlikdir. Siseron bütün dünyaya səslənirdi ki, dünya dağılsa belə qoy ədalət zəfər çalsın.
Qədim dövr Çin filosofu və mütəfəkkiri Konfutsiyə görə hər kəs mənşəyinə görə deyil, tərbiyəsinə və öz bacarığını inkişafetdirmə qabiliyyəti ilə alicənab sayılır. İnsan, ilk növbədə, humanist, ədalətli, sadiq, səmimi olmalı, daim biliklərə can atmalı, valideynlərinə, yaşlılara hörmətlə yanaşmalı, ailə bağlarına hörmətsizliyin Göy tərəfindən cəzalandırılacağı düşüncəsi ilə yaşamalıdır. O qeyd edir ki, ədalət qütb ulduzu kimi yerində dayanar və geri qalan hər şey onun ətrafında dönər. Onun digər filosoflar kimi gəldiyi nəticə isə bu idi ki, dövlətin xəzinəsi ədalətdir.
Bütün fəlsəfi ədəbiyyatda müxtəlif ədalət anlayışları üçün ortaq sayılmağa ən yaxşı namizəd VI əsrə aid Yustinian Kodeksində istifadə olunan ədalət anlayışıdır. Bu anlayış orada aşağıdakı cür təqdim olunur: ədalət, daimi və dayanıqlı olaraq hər kəsə haqqını vermək istəyidir.
Görkəmli alman hüquqşünası Kant isə ədalət haqqında da deyirdi: “Şərəflə yaşa, heç kimə pislik etmə, hər kəsə öz payını ver”.
Qədim dövrlərdən indiyə qədər müasir dünyanın ədalət qavramında da ədalətə bağlı olaraq qəbul edilən əsas dəyər bərabərlikdir. Qanunun aliliyinin meyarını ədalətin ölçüsü kimi qəbul edirik. Bəli, ədalət fəaliyyətin yeganə və ən düzgün meyarıdır. Onun olmadığı cəmiyyət və ümumiyyətlə, bütün bəşəriyyət məhvə məhkumdur. Ədalət nəzəriyyəsində bir-birinə qarşılıqlı ehtiyacları olan və bu mənada, öz aralarında bərabər olan fərdlər birgəyaşayış aspektində nəzərdən keçirilirlər. Fərdlər birlikdə cəmiyyəti təşkil etdiklərinə, icmalar halında yaşadıqlarına görə də müəyyən ümumiliyə malikdirlər. Məhz bu fundamental cəhət ədalətin başlanğıcıdır.
İslamda dinin əsaslarından biri də ədalətdir. Ədalət Yaradanın sifəti olaraq qəbul edilir. Qeyd olunur ki, Allahın bütün işləri ədalət əsasında yerinə yetirilir. Allahın ədalətinin sübutu üçün bir çox dəlil var: Uca Allah bir çox ayədə ədalətə əməl etməyi və zülmdən çəkinməyi buyurub."Ey iman gətirənlər! Ədalətdən möhkəm yapışan Allah şahidi olun". İslamın istədiyi ədalət nəinki bütün insanlara, hətta bütün varlıqlara qarşı dürüst davranmaqdır. İstər müsəlman olsun, istər qeyri-müsəlman, istərsə də, dinsiz olsun, heç kimin heç kimə qarşı haqsız davranmaq səlahiyyəti yoxdur. İslam dini nəinki insana, hətta heyvana, bitkiyə belə haqsız davranmamağı təlqin edir. İslam Peyğəmbəri həzrəti Məhəmməd qeyd edirdi ki, bir saat ədalətlə hökm etmək bir il ibadət etməkdən daha xeyirlidir.
Ədalət barədə Türk dünyasının görkəmli şair-filosofları da öz ölməz fikirlərini bildirmişlər. XII əsrin məşhur mütəfəkkiri, ortaq türk ədəbiyyatında ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının yaradıcılarından olan Əhməd Yəsəvi, Yunis Əmrə, Nəsimi və digər fikir adamlarının əsərlərində “Şəriətdən, təriqətdən kənaram, həqiqət istərəm, yalnız həqiqət”, –deyərək, yaradıcılığında dünyada ədalət və haqq axtaran, insandan alicənablıq, varlıdan səxavət, şahdan ədalət və insaf prinsipləri əksini tapmışdır. Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət! – deyirdi böyük Hüseyn Cavid XX yüzilliyin 37-ci illərində.
Ədalət haqqında ən böyük dastan isə görkəmli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə məxsusdur:
Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
Ədalətin müjdəsi bu dünyanı şad eylər,
Ədələtin işidir-ölkəni abad eylər.
Böyük Nizami bütün əsərlərində hər zaman ədalət carçısı olmuş, onun qoca qarının Sultan Səncərlə dialoqunda qarının qiyamətdən söz açaraq sultanı ədalətə dəvət etməsi, Bəhram şahın ədalətli olması ilə Tanrının razılığını qazanması və sairə kimi poetik faktlar bunu deməyə əsas verir. Filosofa görə ictimai-siyasi müstəvidə ədalətin icrası fərdi zəmində ədalətli olmaqdan daha əhəmiyyətlidir. Nizami orta əsrlər dövründə yaşasa da, hakimin və hakimiyyətin ədalətli olması barədə dərindən düşünür və ədalət prinsipini məhz bu əsasla möhkəmləndirir. Nizaminin yaşadıqı dövr və ərazi Səlcuq sultanlarının Böyük Atabəylərinin hakimiyyətinə təsadüf etmişdi. Belə bir dövrdə yaşayan şair siyasi-fəlsəfi məzmunlu ədəbiyyat nümunələri yaradaraq ədalət uğrunda ədəbiyyatın dili ilə mübarizə aparırdı. Bu isə Nizami dühasının möhtəşəm bir səhifəsidir.
Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin:
Qoy ədalət zəfər çalsın,
Zülm məhv olub alçalsın.
Şərəflənsin qoy səxavət,
Mərdlərə halaldır şöhrət.
kimi qiymətli kəlamlarını həyat amalına çevirən Ulu Öndər Heydər Əliyevin 18 noyabr 1981-ci il tarixdə Azərbaycan SSR KP MK-nın birinci katibi, Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd olduğu vaxt dövrünün nüfuzlu mətbu nəşrlərindən sayılan "Literaturnaya qazeta"ya verdiyi geniş müsahibə də "Qoy ədalət zəfər çalsın!" başlığı ilə dərc olunmuşdur.
Qoy ədalət zəfər çalsın! 43 il öncə verilmiş bu aktual müsahibə onu göstərdi ki, Ulu Öndər həmin dövrdə sovet ideologiyasının vahid “sovet xalqı” yaratmaq istəyinə qarşı milli özünüdərki müdafiə etdi. 1978-ci ildə Sovet Azərbaycanının Konstitusiyasına dövlət dilinin Azərbaycan dili olduğunu daxil etməklə milli kimliyimizi bu amansız təhlükələrdən qoruya bildi. Vahid “sovet xalqı” adlı bədnam bir ideologiyaya qarşı “Azərbycan xalqı” məhfumu ilə milli məfkurəmizə işıq saldı. Ona görə də ədalət naminə və ədalətin əbədi zəfər çalması naminə qürurla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev milli özünüdərkimizin ali istinad nöqtəsi, vətənpərvərliyin və Azərbaycançılığın mənəviyyat məbədidir.
Bu tarixi müsahibəni oxuduqca və öyrəndikcə, insan özünü ədalətin tam əhatəsində hiss edir. Müsahibədə qeyd olunur ki, biz “qanunçuluq” deyəndə Cinayət Məcəlləsindən çox, cəmiyyətimizin əxlaq kodeksini nəzərdə tuturuq. Özü də bu baxımdan hüquq pozuntuları, onların profilaktikası bizim üçün təkcə hüquqa aid məsələ deyildir. Bu, sosial və mənəvi məsələdir, çünki söhbət əvvəl insan uğrunda mübarizədən, ləyaqət və şərəfin qorunmasından, onda ən yaxşı vətəndaşlıq keyfiyyətləri, yüksək əxlaq prinsipləri tərbiyə etməsindən gedir. Xalqı həmişə mənəviyyat birləşdirmişdir. Çünki başqa əsaslara nisbətən mənəvi əsaslar daha üstündür. Həqiqi mənəviyyatı milyonlara, milyardlara da almaq mümkün deyildir. Amma milyonları, milyardları olan adamlar cəmiyyətdə mənəviyyatsız heç bir şeydirlər. "Cəmiyyət iki şeydən sarsıla bılər – günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Bəli, Ulu Öndərin dediyi kimi, tarix hər şeyi öz yerinə qoyur.
Ulu Öndər Heydər Əliyev bütün həyatı və fəaliyyəti boyu Azərbaycan xalqının haqqa, ədalətə, dövlət rəhbərinə inamını yüksəltdi, xalqımızın mənəviyyatına açıq və gizli müdaxilələrin qarşısını aldı, xalqın xoşbəxt gələcəyinə inam tərbiyəsini formalaşdırdı. Dünyanın ümumbəşəri dəyərlərinə söykənərək Azərbaycan xalqının mənəvi dəyərlərini, əxlaqi normalarını daha da zənginləşdirdi.
Bü gün bütün fikir adamları da etiraf edirlər ki, sovet rejiminin fəaliyyəti dövründə böyümüş, tərbiyə almış insanları müstəqil Azərbaycan cəmiyyəti qurmağa cəlb etmək, ədalətli cəmiyyəti qurmaq, yaşatmaq Ulu Öndər Heydər Əliyevin böyük və misilsiz tarixi xidmətidir.
Ulu Öndər qeyd edirdi ki, insanların mənəvi yetkinliyi, özünə, düzgün ictimai mühitə və dövlət rəhbərinə inamı nə qədər yüksək olarsa, cəmiyyət də bir o qədər sürətlə inkişaf edər. O, həyatının sonuna kimi bu mövqeyindən dönmədi. Yəni qanunsuzluğa qanunsuzluqla cavab vermədi.
43 il əvvəl Sovet İttifaqı adlı hər cür demokratik düşüncəni qətiyyətlə rədd edən kommunist ideologiyasının hökm sürdüyü cəmiyyətdə belə bir müsahibənin nüfuzlu bir qəzetdə dərc olunması qəribə bir özəlliyin olduğunu göstərirdi. Ulu Öndərin ədalət anlayışına baxışı isə daha çox ictimai əxlaq və mənəviyyatla bağlı olması ilə fərqlənirdi. Onun həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərinə nəzər saldıqda, dahi şəxsiyyəti məhz haqq-ədalət, halallıq uğrunda mücadilə vermiş bir insan kimi də xarakterizə etmək mümkündür.
Bundan başqa, keçmiş SSRİ-də və dünya ölkələrində böyük əks-səda doğurmuş “Qoy ədalət zəfər çalsın!” adlı müsahibəsində Nizami Gəncəvi irsindən bir neçə istiqamətdə yaradıcı şəkildə istifadə etmişdir. İlk növbədə, Ulu Öndərin həmin dövrdə sovet cəmiyyətində ədalət məsələlərindən inamla danışmağının mahiyyətində məhz xalqımızın bu sahədəki çoxəsrlik köklü ənənələrinə, o cümlədən Nizami Gəncəvinin ədalət konsepsiyasına istinad etdiyi nəzərə çarpır. Həqiqətən, “Qoy ədalət zəfər çalsın!” müsahibəsində ictimai ədalət məsələlərini siyasi-ideoloji proseslərlə əlaqəli şəkildə təqdim etməklə Ulu Öndər bu sahədə dövləti daha da irəli aparmaq üçün müdrik qərarlar qəbul etmək baxımından Nizami Gəncəvi irsindən öyrənməyin faydalı və əhəmiyyətli olduğunu bir daha göstərmişdir. Bu cəhətdən dahi şəxsiyyətin öz müsahibəsində Nizami Gəncəvidən nümunə gətirdiyi bədii parçalar ictimai quruluşun xarakterindən asılı olmayaraq, bütün dövrlər və zamanlar üçün əhəmiyyətli və aktual ola biləcək aşağıdakı hikmətli misralardan ibarət idi:
Təmkinli ol, lovğalığı, sərvəti
At, yanıb tonqalda qoy külə dönsün!
Əgər istəyirsən, ürəyin gülə,
Qoyma pis niyyətlər fikrinə gələ!
Nalayiq əməllər görsən harada,
Odlu nəfəsinlə yandır, məhv elə.
Görkəmli dövlət xadimi qeyd edirdi ki, ziyalının başlıca keyfiyyəti cəmiyyətə fədakarlıqla xidmət etməkdir. Əsl bir ziyalı məna və məzmunu, şəxsi və ictimai qarşılıqlı münasibətin başa düşməsinə kömək etməyə çalışmalıdır. Hər hansı qanun yalnız o zaman yaşayır ki, yerinə yetirilsin, özü də hamı tərəfindən və hər yerdə. Kim idarəetmə ilə məşğul olursa, elmləri, xüsusilə ictimai elmlərin əsaslarına yiyələnməlidir. Üstəlik, öz əməli fəaliyyəti ilə elmə töhfə verməli, cəmiyyətdə cərəyan edən hadisələri təhlil etməyi və bir anlıq deyil, dərin qərarlar qəbul etməyi bacarmalıdır. Rəhbər işçinin mənəvi siması, mənəvi nümunəsi adamların tərbiyəsində mühüm amildir. Rüşvət universal cinayətdir. Bütün başqa eybəcərliklər onun ətrafında dolanır. Bəla burasındadır ki, o, nəinki həyatımızın qanununu pozan adamın şəxsi taleyinə, həm də xeyli adama zərər vurur, ədalətə və paklğa inamsızlıq yaradır. Vətəndaşlıq fəallıq deməkdir, şərə qarşı mübarizə aparmaq bacarığı və arzusu deməkdir. İstehlak mədəniyyəti tərbiyə etməyi yaddan çıxarmaq olmaz. Fəzilətlərin zirvələrə doğru yolu həmişə daşlı-kəsəkli olmuşdur. Qətiyyətli adamların sevinc hissi süst, ətalətli “mənə dəxli yoxdur” mövqeyi tutan adamlara, xüsusilə fırıldaqçılara, dələduzlara, xalq malını oğurlayanlara heç zaman nəsib ola bilməz. Belələrinin iztirablarına kimsə şərik olmaz, onların çəkdiyi labüd cəzanı heç kim hədsiz dərəcədə şiddətli cəza saymaz. Şərə qarşı mübarizənin zirvəsində vəziyyət kəskinləşir. Sonra nisbətən dinc şərait yaranır və yüksək mənəviyyat bütün həyata istiqamət verir. Biz idealist deyilik və iddia etmirik ki, xeyirin şər üzərində əbədi mütləq qələbəsinə nail olacağıq. Lakin tərəzinin haqq-ədalət, qanunçuluq, ideyalılıq qoyulan gözünün ağır gəlməsinə nail ola bilərik və olmalıyıq. Sapıntılar vardır və yenə də olacaqdır, lakin bunlar dərhal qanunun, rəhbərliyin, ictimaiyyətin diqqətini cəlb edəcəkdir. Biz həyat tərzimizin əxlaq prinsiplərini bərqərar etmək uğrunda mübarizədə ictimai rəyin öyrənilməsinə və nəzərə alınmasına xüsusi əhəmiyyət veririk. Aşkarlıq, görülən tədbirlər və onların nəticələri haqqında müntəzəm olaraq geniş məlumat verilməsi, bunun üçün mətbuat orqanlarından, radio və televiziyadan səmərəli istifadə olunması sosialist demokratiyasını inkişaf etdirməkdə, kütlələrin sosial fəallığını yüksəltməkdə çox mühüm amildir. Kiməsə qarşı ədalətsizlik edilibsə, bu ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir. Ulu Öndər qeyd edirdi ki, insanların mənəvi yetkinliyi, özünə, düzgün ictimai mühitə və dövlət rəhbərinə inamı nə qədər yüksək olarsa, cəmiyyət də bir o qədər sürətlə inkişaf edər.
Ulu Öndər Heydər Əliyev həyatının sonuna kimi bu mövqeyindən dönmədi. Ulu Öndər bütün həyatı və fəaliyyəti boyu xalqımızın haqq-ədalətə, dövlət rəhbərinə inamını həmişə yüksəltdi, xalqımızın mənəviyyatına açıq və gizli müdaxilələrin qarşısını vaxtında aldı, onun xoşbəxt gələcəyinə inam tərbiyəsini formalaşdırdı. Dünyanın ümumbəşəri dəyərlərinə söykənərək Azərbaycan xalqının mənəvi dəyərlərini, əxlaqi normalarını daha da zənginləşdirdi.
Bu tarixi yanaşma davam etdirilərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi fikirlər hər zaman rəmzi səslənir: "...Hamı qanun qarşısında bərabər olmalıdır. Heç bir kateqoriyadan olan insanlara heç bir güzəşt edilməməlidir. Hamı qanun qarşısında bərabərdir və hamı qanun qarşısında öz məsuliyyətini dərk etməlidir. Məhz o halda cəmiyyətdə tam şəkildə ədalət bərqərar olunacaqdır".
"Qanunun aliliyinin tətbiq edilməsi hər bir cəmiyyətin inkişafı üçün çox mühüm məsələdir", –deyən dövlət başçısı açıq cəmiyyət, vətəndaş cəmiyyəti quruculuğu prosesində hüquqi islahatların uğurla həyata keçirilməsinin ölkənin daha da möhkəmlənməsi və müasirləşməsi üçün möhkəm əsasların yaradılması yönündə böyük rolu olduğunu vurğuladı. Ölkə Prezidenti “Ədalət” Sarayının açılış mərasimindəki nitqində qeyd edirdi: "Çox vacibdir ki, burada qəbul edilmiş bütün qərarlar ədalətli olsun. Çünki ədalət hər bir cəmiyyətin inkişafı üçün başlıca amillərdən biridir. Hər yerdə ədalət olmalıdır, ilk növbədə məhkəmə sistemində. Çünki burada qəbul edilmiş qərarlar insanların taleyinə təsir göstərir". “Ədalət hər bir sağlam cəmiyyətdə aparıcı ideya, aparıcı tezis olmalıdır. Çünki ədalətsizlik insanları incidir, ədalətsizlik insanlarda inamı qırır”.
Görkəmli fikir adamları qeyd edirlər ki, ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. Yaxşı olmaq asandır, ədalətli olmaq çətindir. Qılıncın bacarmadığını ədalət bacarar. Ədalət ancaq həqiqətdən, səadət ancaq ədalətdən yarana bilər. Buraxın ədalət yerini tapsın, istərsə qiyamət qopsun. Ədalətli olmağın bəhrəsi ruhi sakitlikdir. Bir insan barəsində yol verilmiş ədalətsizlik hamı üçün hədədir.
Ölkə başçısı Şuşada, “Vaqif Poeziya Günləri”nin açılışındakı tarixi nitqində söyləyirdi: “Müharibə dövründə bir çoxlarımız, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də, o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq və ədalətə nail olmaq üçün çalışmaq lazımdır”.
Bəli, 27 sentyabr 2020-ci il tarixdə Ali Baş Komandanın verdiyi əks-hücum əmri nəinki Azərbaycan, hətta dünya tarixində ən ədalətli qərarlardan biri oldu və 44 günlük ədalət savaşında, döyüş meydanında xalqımız “Dəmir yumruq” dastanı ilə qalib gəldi! Ədalətsizliyə qarşı illərlə mübarizə aparan məğrur xalqımız və məğlubedilməz lider İlham Əliyev Xocalıda ƏDALƏTİ bərpa etdi.
Ulu Öndər qeyd edirdi ki, biz yabancı, yamaq kimi görünən nə varsa hamısından təmizlənmək prosesinin zəruriliyindən, “qanun hamı üçün qanundur” prinsipinin pozulmazlığından, ən əvvəl Konstitusiya mənasında və mənəvi mənada pozulmazlığından məhz buna görə inamla danışırıq. Qanunlarımızın təməlində dayanan ölkə Konstitusiyasının Preambulasında qeyd olunur ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək. Konstutusiyamızda qeyd olunur ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır. Normativ-hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Konstitusiyaya, qanunlara, Prezident fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına zidd olmaması qeyd olunur.
Azərbaycan Respublikasının cinayət qanunvericiliyi də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əsaslanır. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə, Cinayət Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericliyinə əsasən bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma, ədalət mühakiməsinin, ibtidai istintaqın həyata keçirilməsinə mane olma, ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə ictimai təhlükəli əməldir.
“Respublika Prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” sözləri ilə prokurorluğun fəaliyyətinə və dövlət sistemində tutduğu rola ali səviyyədə dəyərini verən Ulu Öndər hələ sovetlər dönəmində “Qoy ədalət zəfər çalsın!” şüarı ilə cəmiyyətdə ədalətin təntənəsini qarşısına məqsəd qoymuş, görkəmli şəxsiyyətin ali məktəblərin Hüquq fakültəsinə qəbulla bağlı apardığı islahatlar hüquq-mühafizə, xüsusilə də prokurorluq orqanlarının sonrakı illərdə yüksək peşəkar səviyyəyə çatmasında mühüm önəm daşımışdır. Bu həqiqəti isə bütün tarixçilər etiraf edirlər.
Sonda qeyd etmək istəyirəm ki, bu gün dünyada ədalət məfhumu haqqında çoxlu fikirlərin, nəzəriyyələrin mövcud olmasına rəğmən, hələ də hər hansı bir fikir tam olaraq bir dəqiqliyə sahib hesab edilmir. Şübhəsiz, bu heç mümkün də deyildir. Bu gün də insanların ən çox arzusunda olduğu şey ədalətdir. Çünki ədalətdən daha güclü və mükəmməl heç nə təsəvvür edilə bilməz.
Qoy ədalət zəfər çalsın! 43 il bundan öncə verilmiş bu tarixi müsahibə isə Ulu Öndər Heydər Əliyevin hələ sovetlər zamanı bütün məsələlərdə milli təəssübkeşliyini, xalqımızın milli varlığının qorunub saxlanılması naminə apardığı ədalətli mübarizənin əsl nümunəsidir. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə belə bir müsahibəsinin mətbuatda işıq üzü görməsi Ulu Öndəri haqq-ədalət, halallıq uğrunda mücadilə vermiş böyük bir insan kimi səciyyələndirir. Bu aktual müsahibəyə nəzər saldıqca, bir daha şahid oluruq ki, Nizami Gəncəvidən başlayan tarixi ənənə Ulu Öndər Heydər Əliyev dühasının və onun layiqli davamçılarının hər zaman ədalətin yanında olmasına əyani sübutdur.
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası
Prokurorluğunun şöbə rəisi,
baş ədliyyə müşaviri,
Prokurorluğun fəxri işçisi