BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasnın Azərbaycanda keçirilməsi ölkəmiz üçün çox əhəmiyyətli tarixi an olmaqla yanaşı, dünya miqyasında da Azərbaycan üçün möhtəşəm uğur kimi qəbul olunur. Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının təşkilində həm ölkə, həm də bütün dünya üçün yeni standartlar müəyyən etdi. İqlim böhranı ilə mübarizə hər bir ölkənin borcudur, amma bu çətin vəzifəni üzərinə götürmək və dünya dövlətlərini bir araya toplamaq peşəkarlıq və möhkəm iradə tələb edir. Ölkəmizin nümayiş etdirdiyi təşkilatçılıq qabiliyyəti və bu sahədə atdığı addımlar dünya ölkələri üçün örnəkdir. COP29-a ev sahibliyi edən ölkə olaraq Azərbaycan bütün iqlim müzakirələrinə geniş spektrdə baxış təqdim etdi və bu təşəbbüsün nəticələri artıq real və ölçüləbilən səviyyədədir. Artıq noyabrın 11-dən etibarən dünya miqyasında ekologiyanın xilası üçün ən mötəbər platformalardan sayılan COP29 konfransı uğurla öz işini davam etdirir. Gözləntilərin böyük olduğu bu mötəbər tədbir ölkəmizi iqlim dəyişmələrinə qarşı mübarizədə aktiv tərəfdaş kimi önə çıxarır. COP29 dünya liderlərini, ekoloqları və iqlim aktivistlərini səmimi əməkdaşlıq ruhunda birləşdirir. Azərbaycan bu platformada öz yaşıllaşdırma siyasətini və alternativ enerji sahəsindəki nailiyyətlərini dünyanın diqqətinə çatdırır. Qafqazın ürəyindən yayılan bu ekoloji hərəkat ölkəmizin yalnız iqlim dəyişmələrinə qarşı deyil, həm də dayanıqlı gələcək quruculuğuna olan sadiqliyinin göstəricisi kimi qiymətləndirilir. COP29-un uğurla keçirilməsi təkcə ekoloji qələbə deyil, həm də ölkəmizin siyasi, iqtisadi və sosial müstəvidəki artan rolunun təsdiqidir. Dünya dövlətlərinin nümayəndələri bu zirvədə Azərbaycanı etibarlı tərəfdaş kimi gördüklərini dilə gətirirlər. Azərbaycanın bu istiqamətdə yeni layihələr diqqət mərkəzindədir. Bu tədbir ölkəmizin yalnız enerji ixracatçısı kimi deyil, həm də “yaşıl iqtisadiyyat”a önəm verən bir dövlət olaraq mövqeyini təsdiqlədi. Prezident cənab İlham Əliyevin COP29-un Liderlər Sammitinin açılış mərasimində söylədiyi fikirlərdə də dövlətimizə olan etimad bir daha öz təsdiqini tapdı: “Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük. Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu, təkcə coğrafiya ilə bağlı deyil. Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib”.
Planetimizin gələcəyi Azərbaycanda müzakirə edilir. Prezident İlham Əliyevin dediyi kimi, COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana ehtiramın və dəstəyin göstəricisidir: “COP29 çox böyük
məsuliyyətdir. Dünyanın bütün güc mərkəzləri Avropa İttifaqı, BMT-nin baş katibi, Böyük Britaniyanın baş naziri, Asiya və Afrikadan olan görkəmli siyasətçilər, dövlət başçıları və minlərlə qonaq COP29 sessiyasına təşrif buyurublar”. Diqqətçəkən məqam budur ki, ölkəmizin günü-gündən inkişaf etməsi və ən əsası da Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bəzi beynəlxalq dairələr Azərbaycanı boykot etməyə və qarayaxma kampaniyalarına başladılar. Bu boykotlara cavab olaraq Prezident cənab İlham Əliyev ötən gün COP-da verdiyi mesajda qeyd edib: “Mənim sonuncu mesajım, təxminən, bir ildir ki, boykotu təşviq edən dairələrədir. Onlar əllərində olan bütün alətlərdən istifadə etdilər ki, Bakıda COP29-u boykot kampaniyası başlansın. Onlara pis xəbər var: bizim 196 ölkədən gəlmiş və qeydiyyatdan keçmiş 72 min iştirakçımız var. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik: Azərbaycana xoş gəlmisiniz!”
Bakıda toplanan 196 ölkədən 72 min iştirakçı, onların arasında 80 ölkənin liderləri – prezidentlər, vitse-prezidentlər və baş nazirlər Azərbaycanın iqlim diplomatiyasının nə qədər geniş auditoriyaya malik olduğunu nümayiş etdirdi.
Beləliklə, düşünürəm ki, COP29 doğma diyarımızın dünya iqlim gündəminin formalaşmasında nüfuzlu bir dövlətə çevrildiyini təsdiq edən həm ekoloji, həm də siyasi baxımdan parlaq bir zirvə oldu.
Altunay İsgəndərova
Naxçıvan Televiziyasının redaktoru