Bu gün Ağdamın işğaldan azad olunduğu gündür. Artıq 4 ildir ki, Ağdam azaddır. Öz yaralarını sarıb-sağaltmaqla məşğuldur. 29 ildə o qədər dağ çəkdilər, o qədər işgəncələr verdilər ki, yaşayan, nəfəs alan bu ağ şəhərə. Talandı, qarət olundu, yağmalandı, amma bir an belə yıxılmadı. Bütün dərdləri bağrına basıb, qap-qara günlərdən ağ günə çıxacağı günü gözlədi.
Bu gün həm qürurverici, həm də hüzn günüdür. Düz 33 il bundan öncə 1991-ci il noyabrn 20-də erməni hərbi dəstələri tərəfindən göyərtəsində Azərbaycanın yüksək rütbəli dövlət xadimləri, millət vəkilləri və jurnalistləri daşıyan “Mİ-8” hərbi helikopteri vuruldu. Qarakənd yaxınlığında Ağdamın Mərzəli kəndi ərazisində baş verən bu faciə mərkəzi Bakıya 19:55-də çatdırıldı. Helikopter 14:42 radələrində 300 metr yüksəklidə vurulur. Baş vermiş faciəni 16:15-də İrəvan radiosu, 16:40-da Tehran radiosu, 17:00-da Moskva radiosu xəbər yaysa da, təəssüflər olsun ki mərkəzi Bakı bu xəbəri, təxminən, 5 saat sonra alır. Baş vermiş terror aktının səbəblərini araşdırmaq üçün cinayət işi açılır.
İlkin məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulması faktı təsdiqini tapdı. Terror aktı nəticəsində Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, nazir müavini Qurban Namazəliyev Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev olmaqla, ümumilikdə, 22 nəfər sərnişinin və şəxsi heyyətin hamısı həlak oldu. Bu faciə bizimlə bərabər Xocavəndin də, Ağdamın da köksünə dağ çəkdi. Bu günə qədər beyinlərdə, ürəklərdə bir çox sual cavabsız qaldı, elə mənimdə. Axı niyə onları hərbi vertolyot müşayiət etmədi? Münaqişə ocağı olduğu halda niyə təhlükəsizlik tədbirləri görülmədi? Niyələr çoxaldıqca ağıl kəsməz oldu qara qutu kimi qara sualları da. Elə qara qutu demişkən… Niyə qara qutunu araşdırmaq üçün azərbaycanlı mütəxəssislərin Gəncədəki helikopter zavodunda incələməsinə şərait yaradılmadı? Niyə Rusiyaya göndərildi və bu günə qədər də heç bir səs-sorağ çıxmadı?
Görünür, bunlar planlı şəkildə hesablanmış və dəqiqləşdirilmiş terror aktının davamı olaraq üstübağlı qalacaqmış. Tarixin qara səhifələrinə bu hadisə “qara yazı” kimi düşəcəkmiş.
Bu gün İsmət Qayıbovun da, Tofiq İsmayılovun da, jurnalist Alı Mustafayevin də, onlarla bərabər həlak olan bütün personalın ruhu şaddır. Çünki 2020-ci ildə baş tutan 44 günlük II Qarabağ Zəfərindən sonra onların vurulduğu yerdə çiçəklər açıb, səs-səsə qarışıb. Başlayıb çal-çağırlı şən günlər. Xeyirin şər üzərində qələbəsi ilə başa çatıb başlanan bu çirkin oyun. 33 il əvvəl baş verən faciə yerində indi güllər açıb.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru