Babək rayonunda ailə təsərrüfatlarının sayı artırılacaq

A- A A+

2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilib. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Babək rayonunda müşavirə keçirilib.

NUHÇIXAN xəbər verir ki, müşavirədə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov rayonda ailə təsərrüfatlarının inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, ötən dövr ərzində muxtar respublikada aqrar rayon kimi tanınan Babəkdə də ənənələrə uyğun ailə təsərrüfatları formalaşıb. Babək qəsəbəsi özünün səbzə-tərəvəz, Qahab kəndi ağartı məhsulları və lavaşı, Nehrəm kəndi bostan və heyvandarlıq məhsulları, Aşağı Buzqov və Yuxarı Buzqov, eləcə də Gərməçataq kəndləri cəviz, keyfiyyətli bal, Göynük və Nəhəcir kəndləri dağ göyərtiləri ilə seçilir.

Bildirilib ki, təsərrüfat sahibləri məhsullarını Naxçıvan şəhərindəki mərkəzi bazarda satmaqla yanaşı, təşkil olunan ənənəvi “Ailə təsərrüfatı məhsulları” festivallarına da çıxarırlar. Ötən il təşkil olunan festivalda babəkli sahibkarlar da yaxından iştirak edib, festivala 50 ailə təsərrüfatı tərəfindən 136 növdə 3 mindən artıq qablaşdırılmış məhsul çıxarılıb.

Vurğulanıb ki, Babək rayonunda  heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 100-dək ailə təsərrüfatı fəaliyyət göstərir və onlar istehsal etdikləri keyfiyyətli məhsullara görə xüsusilə seçilirlər. Son illər aqrar sahədə həyata keçirilən məqsədyönlü siyasət, qəbul olunmuş dövlət proqramlarının  uğurlu icrası Babək rayonunda da üzümçülüyün əvvəlki şöhrətini özünə qayatarıb. İməciliklər hesabına yeni üzüm sahələri salınıb, Nehrəm kəndində 150 hektardan artıq sahədə üzümçülük təsərrüfatı yaradılıb. Gəlirli sahə olan arıçılığın inkişafına dəstək məqsədilə dövlət tərəfindən arıçıların pulsuz dərman preparatları ilə təmin edilməsi və hər arı ailəsinə görə 10 manat subsidiyanın verilməsi Babək rayonunda da bal istehsalının artmasına səbəb olub.

Rasim Hüseynov qarşıda duran vəzifələrdən danışaraq qeyd edib ki, Babək   rayonunun ucqar dağ kəndlərində  yabanı  tərəvəz  və  dərman bitkilərinin toplanması, emalı, qurudulması üçün böyük potensial vardır və cari ildə bu imkanlardan səmərəli istifadə olunmalıdır. Üzümçülük sahəsinin genişləndirilməsi, üzümdən hazırlanan məhsulların həcminin artırılması üçün bundan sonra da müvafiq tədbirlər görülməli, maarifləndirici tədbirlər keçirilməli, həmçinin mütəmadi olaraq   ailə   təsərrüfatı   sahibləri   ilə  görüşlər  təşkil  olunmalı,  ailə təsərrüfatlarında qızılgül mürəbbəsi və gülab istehsalının artırılmasına nail olmaq üçün qızılgül bitkisinin əkin sahələri genişləndirilməlidir. Yerli icra nümayəndələri və aid qurumlar bu sahənin inkişafına öz səlahiyyətləri daxilində lazımi köməkliklər göstərməlidirlər. Yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısında bəhrələnərək ailə təsərrüfatları bol məhsul istehsal etməli, öz fəaliyyətlərini daha da genişləndirməlidirlər.

Sonra  Nehrəm kənd sakini Tofiq Abutalıbov, Qaraqala kənd sakini Faiq Bayramov çıxış edərək muxtar respublikada, o cümlədən Babək rayonunda ailə təsərrüfatlarına göstərilən diqqət və qayğıdan danışıblar.

Müşavirəyə rayon icra hakimiyyətinin başçısı Rasim Hüseynov yekun vuraraq qeyd edib ki, Tədbirlər Planında qarşıya qoyulan vəzifələrin icrası məqsədilə 2019-cu ildə yeni ailə təsərrüfatlarının yaradılması, mövcud olanların genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

 

Turab Hacızadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: