Bəzən haramızsa ağrıyanda canımızı orada hiss edərik. Sanki ağrıdığımız yerdən başqa heç bir parçamız yoxdur kimi. Yaxud da haramızı hiss ediriksə canımız elə oradır deyə düşünürük və zaman keçdikcə o hissəmiz bizim hər şeyimizə çevrilir və bizim əsas parçamız olur. Biz o parçamızla həyata tutunur, hiss edir, yaşayır və nəfəs alırıq. Məşhur İrland yazar Kristi Braun da Allahın ona hədiyyə etdiyi, sadəcə, hiss etdiyi sol ayağının köməkliyi ilə rəsm çəkib, roman yazmış və bir anda olsun bu yoldan dönməmişdir. Bu yolda onun ən böyük dəstəkçisi və himayəçisi olan anası ona göstərilən ailə içi təzyiqlərə baxmayaraq, bir anda olsun oğlunun kütbeyin olmadığına, sadəcə, bədənində qüsur olduğu fikrindən dönməmişdir. Atası bənnalıq edərək kərpic divar hörüb evinin maddiyyatını təmin edərkən, anası Kristi ilə iyirmi bir övlad arasında əmələ gəlmiş divarı səbirlə kərpic-kərpic sökür, Kristinin şüurunun üzərini örtərək onu bacı-qardaşlarından ayıran pərdə arasından yavaş-yavaş içəriyə girirdi. Zaman keçdikcə Kristi anladı ki, onun bədəni ilə ünsiyyət qurduğu yeganə üzvü sol ayağıdır. Bu da sol ayaqdan asılılığı daha da artırır, həm ünsiyyət vasitəsi kimi, həm də ailəsinin Kristini başa düşməsi üçün əsas amilə çevrilirdi. Artıq sənələr irəlilədikcə sol ayağının köməyi ilə özü və ailəsi arasında mövcud olan əngəlləri aşan Kristi elə düşünürdü ki, sanki sol ayağı içərisində olduğu həbsxananın qapısına düşən yeganə açar idi.
Bütün ailə Kristi Braundan ümidini üzərkən, gecələr yuxusuz gildir-gildir göz yaşı tökən, gününün tamamını, demək olar ki, ona həsr edən, ona sol ayağı ilə yazmağı öyrədən bu əzmkar insan qarşısında Kristi ilk dəfə “Ana” sözünü yazdı. Anasının himayəsi altında bütün gün coşğunluqla nə mənzərəsi, nə də mövzusu olan balaca, dəlisov şəkillər çəkən Kristi başa düşürdü ki, onlar, sadəcə, onun qaynayan şüurunun kağız üzərində düşünmədən qaraladığı təsadüfi izlər idi. Həyatdan yarım qalan Kristi kitablara çoxlu maraq göstərərək ən çox Şekspir və Çarlz Dikkenzin əsərlərini oxuyaraq zamanını bir saniyədə boşa keçirmir bu sehrli kitablar arasında öz taleyini yazırdı. Təəssüf ki, Kristinin ailəsində kitab nadir tapılan bir “inci” idi. Bu ailədə çörək daha vacib hesab olunurdu. Qarınlarını doyurmaq ağıllarını doyurmağa çalışmaqdan daha həyati əhəmiyyətli bir şey kimi görünürdü. Kristinin sol ayağı ilə mükəmməl rəsm çəkdiyini, yazı yazdığını və çox qabiliyyətli olduğunu günü-gündən daha çox hiss edən anası onu həkimlərin köməyi ilə xəstəxanaya yerləşdirir.
Bəzən bizim tibbi müalicəyə, hətta ondan da artığına ehtiyacımız olduğu qədər inam və dostyana münasibətə də ehtiyacımız var. Bizi narahat edən təkcə bədən üzvlərimiz, əzələlərimiz deyil, hətta ağlımızdır. Bizim daxilimiz bəzən burulmuş əllərimiz və ayaqlarımızdan daha çox diqqət tələb edir. Əyilmiş ağzı və burulmuş əlləri olan bir uşaq özünə və ümumilikdə, həyata qarşı bir sıra əyilmiş və burulmuş meyilləri çox asanlıqla və sürətli şəkildə formalaşdıra bilər, xüsusilə də onların xəstə olduğunu nəzərə almadan onlarla birgə böyüməyə izin verilərsə. Onun normal uşaqlara nisbətən fərqli olması fikrinin ağlında özünə yer etməsinə imkan verilərsə, bu onunla birlikdə onun yeniyetməlik və yetkinlik dövrünə keçəcək, ona görə də həmin adam eyni ilə öz bədəni kimi təhrif olunmuş ağılla baxacaq, həyat ona öz əyri-üyrülüyünün əksi, öz emosional ağrısı kimi görünəcək. Kristidə az qala yaradılışından bəri xəstəxanaya getdiyindən bəri o xəstəxanaya bir növ özünün bir hissəsi, həyatının vacib bir parçası kimi yanaşırdı. O, xəstəxana haqqında, sadəcə, şikəstliyinə görə müalicə aldığı bir yer kimi, həkimlər və ağxalatlı fizioterapevtlərlə dolu “tibb institutu” kimi düşünmür, əksinə, onun həkimləri və ağ rəngə boyanmış adamları, uzun dəhlizləri və sərin mərmər divarları olduğu qənaətində idi. O, əmin idi ki, bütün bu sadaladıqları ilə bərabər orada səmərəlilik, əsl insani səmimilik və soyuq elmi dəqiqliklə yanaşı, ruh da mövcuddur. Soyuq, ağ xalatlardakı adamlarda çox isti ürək var və onların işində də isti ürəyin olması misilsiz xüsusiyyətdir. Bu onların tibbi bacarığı qədər dəyərlidir, çünki pasiyentləri sıravi adam olmadığı üçün onların işi sadə bir iş deyil. Onlar, sadəcə, pasiyentləri müalicə edən tibb adamları sayılmır. Onlar böyük problemlərlə üzləşən başqa tip insanların vəziyyəti ilə dərindən və səmimi şəkildə maraqlanan bir insan tipidir. Bir sözlə, hər kəs rahatlanmış kimi görünə bilər, lakin rahatlanmış kimi hiss etməyi çox zaman həkimlərə borcludur.
Ünsiyyət qurmaq da Kristi ilə insanlar arasında hər zaman münasibət qurmaq cəhdinin qarşısını alan ən böyük maneələrdən olmuşdur. Əskiklikləri arasında ona ən böyük acını nitq yaşatmışdır, çünki nitq olmadan insan itirmiş sayılır, insanlarla arasında sədd çəkir, milyonlarla şeyi demək istədiyi halda, bircəciyini də dilə gətirə bilmir. Yazı bəzən çox yaxşı çıxış yoludur, lakin elə duyğular var ki, onları təkcə yazılmış sözlərlə ifadə etmək, hiss etdirmək olmur. Yazı ölümsüz ola bilər, lakin o, iki insan arasındakı boşluqda səsin yarada biləcəyi körpünü qura bilmir. Kristi loqoped həkim Patrişiya Şiənin aldığı xüsusi müalicə ilə danışmağı bacarmış və başa düşmüşdür ki, nəfəs almağı idarə etməyi öyrənməyənədək heç vaxt düzgün danışa bilməz. Bəli, Kristi Braun beyin iflici ilə şikəst olmuş bir adam idi, o sol ayağı ilə rəsm çəkib, roman yazıb və danışıb. Bunları, sadəcə, bir nəfərə borclu olub: mətbəxin taxta döşəməsi üzərində dizi üstə dayanaraq, həvəsdən düşməməsi üçün çalışan, sol ayağından tutub sarı təbaşir parçası ilə “A” hərfini ilk dəfə yazdıran Anaya!!!
Fariz Əhmədov
Naxçıvan Televiziyasının baş redaktoru