Taleyini teatra bağlayan Xalq artisti-Rövşən Hüseynov - FOTOLAR
Teatr səhnəsi bir möcüzədir. Burada insan sirli, sehrli bir aləmə düşür: kitablardan oxuduğu qəhrəmanın canlı obrazını seyr edir, hadisələrin həyatda inikasını görür, hadisələrin canlı şahidinə, bəzənsə dolayı yolla iştirakçısına çevrilir. Amma unutmaq olmaz ki, obrazı səhnəyə gətirən, canlandıran, ona həyat verən aktyordur – səhnədə başqalaşan, obrazın daxili aləmini açan, ona can verən aktyor. O da aktyordur. Söhbət, təkcə Naxçıvanda deyil, bütün Azərbaycanda sənətsevərlərin yaxşı tanıdığı aktyordan – Xalq artisti Rövşən Hüseynovdan gedir. Bu gün onun 65 yaşı tamam olur.
Rövşən Hüseynov 1954-cü il fevralın 6-da Naxçıvanda sənətkar ailəsində doğulub. Anası xalq artisti Sofiya Hüseynova, atası uzun illər Naxçıvan teatrında inzibati işlərdə çalışan Maqsud Hüseynov balaca Rövşəni sərbəst böyüdüblər. Uşaqlıq illərini teatrın səhnəsində keçirən Rövşən sonradan elə valideynləri kimi ömrünü də böyük səhnəyə bağlayır. Uşaq ikən müəyyən epizodlarda çıxış etsə də, 1968-ci ildən, yəni 14 yaşından teatrın truppasına aktyor kimi qəbul edilir. Sözsüz ki, istedadı nəzərə alınmaqla.
Azərbaycanda tanınan təcrübəli rejissorlar Baxşı Qələndərli, Vəli Babayev, Miribrahim Həmzəyev kimi sənətkarların quruluş verdikləri tamaşalarda bundan sonra gənc Rövşənin özünəməxsus rollar silsiləsi başlayır.
1968-ci ildə Süleyman Sani Axundovun “Laçın yuvası” əsərində Səfərlə başlanan rollar qalareyası Andrey Makayonkun "Tribunal" tragi-komediyasında oynadığı Volodka, Konstantin Simonovun "Dördüncü" pyesində Bonor, Georgi Xuqayevin "Mənim qaynanam" komediyasında Elburus, Lope de Veqanın "Bostan iti" pyesində Miranov, Şıxəli Qurbanovun "Sevindik qız axtarır" pyesində Çingiz, Hüseyn Cavidin "Şeyda" faciəsində Şeyda, Cəfər Cabbarlının "Solğun çiçəklər"ində Bəhram, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərində Toxtamış kimi obrazlarla zənginləşdi. Sənətkarın bu günə qədər oynadığı rolların sayı 150-yə qədərdir.
Ən başlıcası odur ki, oynanılan rolların əksəriyyəti baş qəhrəmanlardır. Bu obrazların hər biri də özünəməxsus xarakter cizgiləri ilə yaddaqalan şəkildə və bir-birini təkrar etmədən yaradılıb. Və bu rolların əksəriyyəti komediya qəhrəmanlarıdır. Əslində, Rövşən Hüseynov çox ciddi aktyordur. Elə buna görə də, onun oynadığı komik obrazlar ciddiliyi ilə seçilir. Amma tarixi dramlar, faciələrdə yaratdığı obrazlar da onlardan geri qalmır. Rövşən Hüseynov əsl aktyordur, yəni onun üçün əsas səhnədəki obrazın canlandırılması, xarakterinin açılmasıdır, bir də hər şeyi olduğu kimi yaşamaq. Komediya və ya faciə isə aktyorun yaratdığı obrazın düşdüyü mühitin diktəsi ilə yaranır.
Yaratdığı obrazlara görə dövlət səviyyəsində bir çox mükafatlar alıb. Ən ümdəsi isə “Xalq artisti” fəxri adına layiq görülüb. Rövşən müəllim, son illər özünü rejissor kimi sınaqdan keçirib. Nəticədə, Həsən Elsevərin “Koroğlu nəsli”, İsgəndər Coşqunun “Ana laylası” əsərləri əsasında uşaq və yeniyetmələr üçün hazırlanan maraqlı, dinamik tamaşalar yarandı. Müzəffər Nəsirlinin “Qönçəbəyim nəğməsi”, İlyas Əfəndiyevin “Hökmdar və qızı”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan”, İslam Səfərlinin “Göz həkimi” əsərləri onun rejissor fantaziyasından keçərək tamaşaçıya təqdim edilib.
Həyatsa davam edir. İndi arxaya dönüb baxanda 65 yaşın 50 ildən artıq bir dövrü sənətə, teatra həsr edilib. Bundan sonra da tamaşaçılar onun ifasında yeni rolları görəcəklər. 65 yaşlı Xalq artisti hazırda Xəqani Əliyevin “Ehsan xan Kəngərli” əsəri əsasında hazırlanan tamaşada Kalbalı xan obrazının üzərində işləyir. Bu obraz da yəqin ki, onun növbəti uğuru olacaq.
Tamaşaçılar kimi bizim də ürəyimizdən bir söz qopur: 65 yaşın mübarək, xalqımızın sevimli aktyoru Rövşən Hüseynov!
Səməd Canbaxşiyev