Ölkəmizin bugünkü genişmiqyasılı və çoxsaylı nailiyyətlərinin təməlində birmənalı olaraq Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və parlaq ideyalarının dayandığı hər kəsə məlum olan bir həqiqətdir. Vaxtilə Ulu Öndər Heydər Əliyev Azərbaycanın gələcək inkişafı haqqında demişdir: “Azərbaycan dünyaya Günəş kimi doğacaq!” Bəli, bu gün də Azərbaycan dünyada özünün siyasi varlığı, mədəni-mənəvi dəyərləri, yeraltı-yerüstü sərvətləri və humanist mövqeyi ilə öz layiqli yerini tutaraq Günəş kimi parlamaqdadır. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının ictimai-siyasi həyatında oynadığı taleyüklü rolun fonunda bir də dahi liderin misilsiz fəaliyyəti ilə bağlı olan Yeni Azərbaycan Partiyası dayanır. O partiya ki, bütün amalı, ideyası, şüarı müasir dəyişikliklərə və yeniliklərə açıq olan yeni dünyanın qüdrətli ölkəsi kimi yeni, qüdrətli Azərbaycan qurmaq olub. 1990-cı illərin ən mürəkkəb, qarışıq zamanında Azərbaycanın taleyinə var olmaq imkanını məhz dahi lider Heydər Əliyev bəxş etmişdir. Ümummilli azadlıq hərəkatına qarşı 20 Yanvar faciəsinin baş verdiyi, işğalçı ermənilərin torpaqlarımıza hücum edib müharibə törətdikləri, siyasi elitanın bu dəyişikliklərə cavab verə bilmədiyi bir zamanda məhz Heydər Əliyevin Azərbaycana qayıdışı ümidverən bir gələcək vəd etdi və xalqa inam bəxş elədi. Xalq bütün varlığı ilə vətənini və xalqını sevən bu fenomen şəxsiyyətin ətrafında sıx bilrəşərək XX əsrin sonlarına doğru öz müqəddəratını təyin etməyə müvəffəq oldu və dövlət müstəqilliyini bərpa edərək suveren, müstəqil Azərbaycan Respublikasını qurmağa nail oldu. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illlik yubileyinin keçirilməsi haqqındakı sərəncamda da bu barədə deyildiyi kimi, “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”. Ulu Öndər Heydər Əliyevin adı həmişə Azərbaycanla qoşa çəkilir. Bütün mənalı həyatını Azərbaycan üçün, mənsub olduğu Azərbaycan xalqı üçün həsr edən, “Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycan mənim qibləgahımdır”, – deyən Ulu Öndər Heydər Əliyev xalqımızın tarixi taleyində həmişə bir xilaskar kimi misilsiz rol oynamışdır. 1990-cı ilin böhranlı zamanında Heydər Əliyev xalqın ümid yeri olaraq ictimai-siyasi həyata daxil oldu. Müdrik lider Heydər Əliyevə bəslənilən ümumxalq inamı Azərbaycanın xilası ilə nəticələndi. Azərbaycan əsrin ağır və qaışıq proseslərinin məngənəsindən məhz dahi lider Heydər Əliyevin uzaqgörən qərarları sayəsində xilas oldu. Xalqının ümid yeri olan müdrik lider Heydər Əliyev doğma vətəni Naxçıvanı erməni işğalından, aclıq, səfalət və qaranlıqdan xilas etməklə bərabər, Azərbaycanın gələcək müstəqilliyi və dövlətçilik inkişafı üçün də əhəmiyyətli tədbirlər həyata keçirdi. Məhz Ulu Öndərin Naxçıvandakı fəaliyyət illəri Azərbaycanın müstəqilliyinə sarsılmaz təməllər hazırladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşadan xalqa müraciət edərkən qeyd etdiyi kimi: “Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz onu özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. ...Naxçıvan, demək olar ki, blokadada boğulurdu, onlar isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdi və bir daha demək istəyirəm, məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı”. Ulu Öndər Heydər Əliyevin adı və Naxçıvan dövrü fəaliyyəti ilə bağlı olan Yeni Azərbaycan Partiyası və onun zəngin siyasi konsepsiyası ölkəmizi müstəqilliyə və böyük nailiyyətlərə qovuşdurmuşdur. Ulu Öndər Heydər Əliyev Naxçıvanda doğma xalqı ilə birlikdə vətən və dövlətçilik naminə çalışarkən Azərbaycanın əsas hissəsində hakimiyyət böhranı yaşanır, qardaş qırğını təhlükəsi meydan sulayırdı. Hətta vəziyyət elə yerə çatmışdı ki, ayrı-ayrı siyasi qüvvələr xaricdən aldıqları dəstəklərlə ölkəni bölmək, parçalamaq fikrində idilər. Azərbaycanın milli və siyasi varlıq olaraq yox oluşunun zərurətə çevrilmiş bir dönəmində xalqın ümid və güman yeri məhz Heydər Əliyev idi. Bütün ümidlər və gözlər Naxçıvana – Ulu Öndər Heydər Əliyevə dikilmişdi. Çoxsaylı milli ziyalıların təşəbbüsündə xalqın adından Ulu Öndər Heydər Əliyevin ölkənin xilası naminə yeni siyasi partiya yaratması da xahiş olunurdu. 1992-ci ilin noyabrın 21-də Naxçıvanda çoxsaylı ziyalı və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis iclası keçirildi. Heydər Əliyev yekdil səslə partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyasının nizamnaməsi və müddəalarının hazırlanmasında dahi lider şəxsən yaxından iştirak edərək ən məzmunlu, ideyalı və praktik bir əsanamənin hazırlanmasına nail oldu. Partiyanın nizamnaməsi özünün demokratikliyi və ölkəninin inkişafı naminə konstruktivliyi ilə nəzər diqqəti cəlb edirdi. Xalqın əvəzolunmaz lideri Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə siyasi hakimiyyətə gələndən sonra da Yeni Azərbaycan Partiyası iqtidar partiyası oldu. Azərbaycanın siyasi həyatında mühüm yerə və qüvvəyə malik olan Yeni Azərbaycan Partiyası artıq 32 ildir ki, ölkəmizi nailiyyətdən-nailiyyətə, inkişafdan-inkişafa aparır. 2003-cü ildən ölkəmizin həyatında dahi liderin xeyir-duası ilə hakimiyyətə gələn İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələ başlanmışdır. Yeni Azərbaycan Partiyasına başçılıq edən İlham Əliyev bütövlükdə ölkəmizə tarixin ən şanlı, irimiqyaslı, yaddaqalan nailiyyətlərini bəxş etmişdir. Məhz bu görkəmli dövlət xadiminin uzaqgörən rəhbərliyi sayəsində ölkəmiz 44 günlük Vətən müharibəsi ilə bölgənin 200 illik tarixi problemini ortadan qaldırmağa, tarixi ədaləti bərpa etməklə Azərbaycanın işğal edilmiş ərazilərini düşmən tapdağından azad edib bütövlüyünü təmin etməyə müvəffəq olmuşdur. Cəmi 23 saat 43 dəqiqəlik anti-terror əməliyyatı ilə Azərbaycan Ordusu düşməni tamamilə məğlub etməyə və ölkəmizin ərazilərindən təmizləməyə, əmin-amanlığı təmin etməyə uğur əldə etmişdir. Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubiley tədbirində Prezident İlham Əliyevin də dediyi kimi: “Heydər Əliyev öz siyasi vəsiyyətində bir şey də demişdir. Artıq bunu dəfələrlə demişəm, Azərbaycan xalqı da bilir ki, başa çatdıra bilmədiyimiz işləri davamçılarımız başa çatdıracaq. Onların arasında yəqin ki, mən belə hesab edirəm, ilk növbədə, Qarabağ probleminin həllini nəzərdə tuturdu. Biz, onun davamçıları bu problemi bütün işlərimizin mərkəzinə qoyduq. ...Ona görə bütün işlərimizin mahiyyəti məhz bu idi - Qarabağı azad etmək, tarixi ədaləti bərpa etmək. Biz bu hədəfə doğru gedirdik. ...Xalqımız Ordumuzla tam birləşdi. Ona görə biz hamımız deyirik ki, bu, ümumxalq Qələbəsidir. Çünki xalq-iqtidar bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində biz istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik, düşməni torpaqlarımızdan qovduq. 8 noyabr 2020-ci il hamımızın yaddaşında əbədi qalacaq, o cümlədən mənim. O vaxt Ulu Öndərin məzarını ziyarət etdim, ondan sonra şəhidlərin qəbrini ziyarət etdim. Şəhidlər xiyabanında Azərbaycan xalqına Şuşa müjdəsini verdim. Ulu Öndərin məzarı önündə özümə dedim ki, bu vəsiyyət də, bu sonuncu vəsiyyət də yerinə yetirildi”. Artıq ölkəmiz yeni nailiyyətlərilə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə COP29 beynəlxalq tədbirinin ən yüksək səviyyədə təşkili, dünya ölkələrinin burada iştirakı və iqlim dəyişikliyinin fəsadları əleyhinə konstruktiv fəaliyyət ortaya qoyması məhz Azərbaycanın yeni nailiyyətlərindəndir. Bu mənada, Yeni Azərbaycan Partiyası yeni eranın nəhəng nailiyyətləri fonunda Qalib Ölkənin Qalib Partiyasıdır. Ulu Öndər Heydər Əliyevin də dediyi kimi: “Yeni Azərbaycan Partiyası ...ölkəmizin qarşısında duran məsələlərin həll edilməsi üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır. ...Bu gün tam cəsarətlə və böyük iftixar hissi ilə demək olar ki, partiyamız Azərbaycan xalqına hədsiz xidmət göstərmiş və xalqımızı, millətimizi, ölkəmizi ağır günlərdən çıxarıb bugünkü vəziyyətə gətirib çatdırmışdır”.
Xəzəngül ORUCOVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı