Kitabxanada konfrans keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Naxçıvan Muxtar Respublikası-95” mövzusunda konfrans keçirilib.
Tədbirdə kitabxananın direktoru Aytəkin Qəhrəmanova bildirib ki, muxtar respublikanın yaradılmasının 95 illiyinin tamam olması Azərbaycan dövlətçilik tarixinin mühüm hadisəsidir. Çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvanın 1924-cü il fevralın 9-da muxtariyyət qazanması düşmənlərimizin ölkəmizə qarşı həyata keçirməyə çalışdığı məkrli planlara sarsıdıcı zərbə vurdu.
Qeyd olunub ki, Naxçıvanda müasir inkişafın böyük təzahürləri Azərbaycanın dövlət müstəqilliyinin uğurudur. Muxtar respublikada həyatın bütün sahələrində əldə olunan parlaq nəticələr qədim ənənələrə malik olan bu diyarın müstəqil Azərbaycan dövlətinə sanballı töhfələrindəndir.
Vurğulanıb ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan muxtar respublika Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin inkişafına da mühüm töhfələr verib. Son illər muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da təsir edib, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da dövlət qayğısı ilə əhatə olunub.
Tədbirdə kitabxananın əməkdaşları Günay Kəngərli “Naxçıvan-qədim Azərbaycan diyarıdır ”, Südabə Heydərova “Naxçıvan Muxtar Respublikası-95” və Nuridə Səfərova “Naxçıvan Muxtar Respublikasının yaradılması böyük tarixi nailiyyətdir” mövzularında çıxışlar ediblər.
Röyal Kərimov