İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti - 100 il” parkının açılışı olub - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltəpə Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il” Parkının açılışı olub.

NUHÇIXAN xəbər verir ki, açılış mərasimində Azərbaycandan və Türkiyədən rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, ziyalılar, qardaş ölkə ictimaiyyətinin tanınmış simaları, İstanbulda yaşayan, işləyən və təhsil alan azərbaycanlılar, diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Maltəpə Rayon Bələdiyyəsinin sədri Ali Kılıç, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev tədbirdə çıxış ediblər.

Uzun illər Almaniyada fəaliyyət göstərən türk icmalarına rəhbərlik etdiyini, eləcə də Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlığını xatırlayan Ali Kılıç bildirib ki, açılışı keçirilən parka “Azərbaycan Xalq Cümhuriyyəti – 100 il” adının verilməsi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin bəhrəsidir. Ümummilli lider Heydər Əliyevlə Türkiyənin mərhum Prezidenti Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətləri nəticəsində qəbul edilmiş qərarlar böyük nəticələr verib. A.Kılıç Almaniyada yaşadığı və türk icmasında təmsil olunduğu vaxtlar ölkəmizə səfərini məmnuniyyətlə xatırlayıb.

Ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və ölkəmizin inkişaf strategiyası barədə müəyyən etdiyi siyasətin nəticələrindən bəhs edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim əminliklə qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri bundan sonra da uğurla inkişaf edəcək.

Çətin tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yola nəzər salan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunması, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müstəqilliyimizin qorunması istiqamətində qəbul etdiyi siyasi qərarların əhəmiyyətindən danışıb. Komitə sədrinin müavini diqqətə çatdırıb ki, Ulu Öndərimizin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli inkişafını təmin edib. O cümlədən Azərbaycan diasporu çoxistiqamətli fəaliyyətə keçib.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, süqutu, XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpası, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası barədə fikir və mülahizələrini bölüşən çıxışçılar əminliklə ifadə ediblər ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir.

Böyük ərazini əhatə edən, zəngin yaşıllığı ilə göz oxşayan parkda bütün yaş qruplarından olan insanların istirahəti üçün hər cür şərait yaradılıb. Burada 2 uşaq meydançası, idman avadanlıqları ilə təmin olunan 2 idman bölməsi, 1 basketbol, 1 voleybol meydançası və 2 tennis kortu, geniş qaçış zolağı var.

Sonra Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və Maltəpə Bələdiyyəsinin sədri Ali Kılıç çıxış ediblər. Sərgi on gün davam edəcək.

Qeyd edək ki, İstanbuldakı parkın açılış mərasimi 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamından irəli gələn məsələlərin həll edilməsi ilə əlaqədar Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər Planı”na uyğun olaraq keçirilib.

x x x

Həmin gün Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfrans keçirilib. Konfransda professor Aygün Əttar və Milli Məclisin deputatı Musa Qasımlının çıxışları dinlənilib. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, dünyada tanınması, o cümlədən Osmanlı dövləti ilə münasibətləri, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və inkişafı istiqamətindəki tarixi fəaliyyəti barədə danışıblar.

Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan paneldə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, Ulu Öndərimiz haqqında film nümayiş olunub. Daha sonra professor İbrahim Yıldırım və Bingör Sönmez ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatda olan varisləri Feyzavər Turan Alpsar (Əli bəy Hüseynzadənin qızı), Leyla Keykurun (Xoyski) (Cavad xanın nəticəsi, Nağı bəy Şeyxzamanlının gəlini, Adil xan Ziyadxanovun nəvəsi, Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi), Kərim Mehmetzadə (Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xanın nəvəsi), Gülnarə Kürdəmir (Əlimərdan bəy Topçubaşovun nəvəsi), Nazan Ölçer (Professor Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin direktoru), İbrahim Yıldırım (Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun qohumu), Cəmilə Hüseynzadə, Arzu Enver Erogan, o cümlədən Turhan Turgut (İrəvan xanı Rəvan xanın nəvəsi) və Timsal Karabekir (Kazım Qarabəkir Paşanın qızı) və Ali Zeynel Revanoğlu Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif ediliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: