Özbəkistan mətbuatı Naxçıvan yallısından yazıb - FOTOLAR
Özbəkistanın uchildiz.uz portalında “Naxçıvan yallısının Azərbaycanın musiqi mədəniyyətindəki yeri” adlı geniş məqalə yerləşdirib.
NUHÇIXAN xəbər verir ki, rus dilində yazılan məqalədə Naxçıvan yallısının qədim tarixinə nəzər salınır, onun qədim tarixin, zəngin mədəniyyətin göstəricisi olduğu vurğulanır.
Materialda Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Yallı” Şərur rayon Rəqs Ansamblının fəaliyyətinə də diqqət çəkilir, yallının Azərbaycan mədəniyyətinin xüsusi reyestrinə daxil edildiyi və ölkəmizin regionları üzrə yallı rəqsinin yayılması, inkişaf arealı xüsusi qeyd edilir.
Bildirilir ki, qədim kollektiv rəqsi olan yallı xoreoqrafiya, vokal və instrumental musiqini özündə birləşdirir. Yallı rəqsi Gəmiqaya arxeoloji abidələrində əks edilib.
Məqalədə vurğulanır ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvan yallısını “Naxçıvanın tacı” adlandırıb. Hazırda Naxçıvan toylarında ifa edilən yallının bu diyarda 100-dən çox növü var. “Qazı-qazı”, “Qaladan-qalaya”,“Köçəri”,“Çınqı-çınqı”, “Ağıryallı”, “Xalq yallısı”, “Şəruri”, “İki ayaq”, ”Üç ayaq”, ”Urfani”, “Xələfi”, “Ərzumani” və digər yallı növləri Naxçıvanda daha çox populyardır.
Yazıda Naxçıvan yallısı ilə yanaşı, Qarabağ, Zəngilan, Qazax, Salyan, Şirvan, Şəki və Cənubi Azərbaycanda ifa edilən yallılar haqqında da söhbət açılır.