Prezident İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramının mühüm istiqamətlərindən biri pensiya sisteminin inkişaf etdirilməsi, həmin sistemin əhatəliliyinin və pensiyaların artırılması, pensiya təminatı sahəsində sosial ədalət prinsipinin gücləndirilməsidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu istiqamətdə aparılacaq islahatların, atılacaq addımların növbəti beş illik dövrü üçün yol xəritəsi hazırlanır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, müvafiq təkliflərin hazırlanması üçün nazirlikdə işçi qrupu fəaliyyət göstərir və qrupa beynəlxalq ekspertlər də cəlb edilib. Dövlət başçısının tapşırığına əsasən aparılan islahatların bir istiqaməti də pensiya sisteminin təkmilləşdirilməsi işləri çərçivəsində minimum və orta pensiyanın artım tempinin davam etdirilməsinə yönəlib.
Qeyd edək ki, ölkədə 1,3 milyon nəfər pensiyaçı var. Onlardan 58,3 faizi yaşa görə, 30,1 faizi əlilliyə görə, 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alır. Ötən il əmək pensiyalarının orta aylıq məbləğində 6,8 faiz, o cümlədən yaşa görə əmək pensiyalarının məbləğində 7,3 faiz artım qeydə alınıb.