Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar olaraq keçirilən tədbirlər, təşkil olunan konfranslar davam etdirilir. NUHÇIXAN xəbər verir ki, növbəti konfrans Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının yaranması: tarix və müasirlik” mövzusunda keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev konfransda ötən əsrin 20-ci illərində gedən proseslərdən və Naxçıvanın muxtariyyət əldə etməsi məsələlərindən danışıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, dosent Emin Şıxəliyev qeyd edib ki, 1921-ci il martın 16-da Moskva müqaviləsi, 1921-ci il oktyabrın 13-də isə Qars müqaviləsi bağlanıb. Hər iki müqavilə Naxçıvanın tarixi taleyində müstəsna rol oynayıb.
Sonra Tarix üzrə fəlsəfə doktorları Asəf Orucov, Musa Quliyev, Zeynəb Quliyeva və filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımov çıxışlar ediblər. Qeyd ediblər ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm və əhəmiyyətli hadisəsidir.
Ərhan Novruzov